Accessibility links

Bələdiyyə sədri və bankın kredit mütəxəssisi pulları mənimsəyib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxsləri və araşdırmalarla “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında korrupsiya halları müəyyən edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Cəlilabad rayonunun Muğan bələdiyyəsinin sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəmişdir. Bundan başqa bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulmuşdur.

Mətbuat xidmətinin digər məlumatına görə isə “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.
XS
SM
MD
LG