Accessibility links

Bakıda korrupsiyaya qarşı mübarizə üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçirilir


Korrupsiya indeksi

Korrupsiya indeksi

Konfransda Avropa Şurasına üzv dövlətlərin nazirləri, beynəlxalq təşkilatlar iştirak edir

Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans açılıb. Konfrans Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

Azərbaycan hökuməti və Avropa Şurasının təşkilatçılığı AŞ-nin Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) keirdiyi forumda Azərbaycan hökumətinin üzvləri, deputatlar, yerli və beynəlxalq QHT-lər, hüquq-mühafizə orqanlarının rəsmiləri, AŞ-ya üzv dövlətlərin yüksək vəzifəli şəxsləri, o cümlədən GRECO-nun prezidenti, IACA-nın İcraçı Katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi iştirak edir.

Azərbaycan prezidentinin konfrans iştirakçılarına müraciətində deyilir ki, siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulub, şəffaf ictimai münasibətlər sistemi formalaşıb. “Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir”.

Əliyevin sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə var. "Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilib və institusional islahatlar həyata keçirilib".

Azərbaycan prezidenti təəssüflə qeyd edib ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. “Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir", müraciətdə qeyd edilir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, bu sahədə mübarizə üzrə mühüm qurumların yaradıldığını diqqətə çatdırıb. O bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulayıb.

Konfransda Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya, GRECO-nun Prezidenti Marin Mrçela, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Konfrans işini “Azərbaycanda antikorrupsiya qanunvericiliyinin tətbiqi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu” və “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər: ASAN Xidmət – Azərbaycan modeli” mövzularında plenar iclaslarla davam etdirir.

Transparency International təşkilatının 2013-ci il Korrupsiya Qavrama İndeksinə görə Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada yer alıb. 2012-ci ildə isə ölkə 27 balla, 176 ölkə arasında 139-cu sırada dururdu.

XS
SM
MD
LG