Accessibility links

OECD: Regionda yalnız Azərbaycan və Türkmənistan aktivləri bəyan etmir


OECD Azərbaycanın Üçüncü Dəyərləndirmə Raundunun yekunları ilə bağlı hesabatını təqdim edib

OECD Azərbaycanın Üçüncü Dəyərləndirmə Raundunun yekunları ilə bağlı hesabatını təqdim edib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın Üçüncü Dəyərləndirmə Raundunun yekunları ilə bağlı hesabatını təqdim edib

Yanvarın 17-də Bakıda Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın Üçüncü Dəyərləndirmə Raundunun yekunları ilə bağlı hesabatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə beynəlxalq və yerli ekspertlər, qeyri hökumət təşkilatlarının rəhbərləri, prokurorlar, nazirliklərin nümayəndələri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri iştirak edib.

Azərbaycan Dəyərləndirmə Raundunun birinci mərhələsinin müvəffəqiyyətlə keçdiyi ilk dövlətdir.

Hesabatda antikorrupsiya qanunvericiliyi, icra səviyyəsi, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin modelinin uğurlu nümunə kimi tanınması, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şəffaflığın artırılmasında rolu qeyd edilir. Azərbaycanın qurumun 18 tövsiyənin hamısını uğurla icra ediləcəyinə əminlik ifadə olunur.

Bununla yanaşı hesabatda çoxsaylı tənqidlər də yer alıb.

“İrəliləyişlərə baxmayaraq hələ də ölkədə korrupsiya bir fəaliyyət olaraq qalmaqdadır, korrupsiyanın ümumi təhlili kriteriyaları, standartları, metodologiyası mövcud deyil. Hökumət sorğular, monitorinqlər keçirir, amma nəticələri əhali üçün açıqlanmır. Tövsiyə edirik ki, Antikorrupsiya Komissiyasının strukturu və say tərkibi genişləndirilsin. Çünki vətəndaşlar antikorrupsiya tədbirlərinin genişləndirilməsini və dərinləşdirilməsini istəyir”, OECD-in İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska qeyd edib.

Ölkədə 2005-ci ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilib, Nazirlər Kabinetinə aktivlərin bəyannaməsinin elan edilməsi üçün blank formasının hazırlanması tapşırılıb, hələ də yerinə yetirilmir.

“Ölkədə aktivlər bəyan edilmir, yüksək vəzifəli şəxslərin immunitetlərinin olması (hakimlər və deputatlar) onların məsuliyyətə cəlb edilməsini çətinləşdirir. Bank və kommersiya məlumatlarının əldə edilməsi asanlaşdırılmalı, vəzifəli şəxslərin immunitetləri azaldılmalıdır. Gözləyirik ki, daha böyük korporasiya və hüquqi şəxslərin korrupsiya əməlləri ilə bağlı işlər də olacaq”, Xavanska bildirib.

Tövsiyələr arasında həmçinin aşağı və orta dövlət məmurları ilə yanaşı yüksək dövlət məmurlarının da rəqabət əsasında işə qəbulu məsələsinin yer aldığı qeyd edilib.

“Biz Azərbaycan hökumətini tövsiyələri tam şəkildə yerinə yetirməyə çağırırıq və bu istiqamətdə tənqid və təzyiqlərimizi davam etdirəcəyik. Hələlik immunitetlərin azaldılması ilə bağlı hökumət və parlament ruhlandırıcı qərarlar vermir. Aktivlərin bəyan edilməsi ilə bağlı müxtəlif təcrübələri və blank formalarını əks etdirən kitab çap edib yaymışıq. Regionda yalnız Azərbaycan və Türkmənistanda aktivlər bəyan edilmir. Gürcüstanın yaxşı nümunəsi var. Bu ölkədə aktivlər on-layn bəyan edilir və ictimaiyyət üçün açıqdır”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran qeyd edib.

OECD apardığı monitorinqin nəticələri və tövsiyələri kitab şəklində çap edilib. Kitabda geniş tövsiyələr paketi də yer alıb.
XS
SM
MD
LG