Accessibility links

Qəzetin əməkdaşları cinayət başında yaxalanıb

“Korrupsiya və bəşəriyyət” qəzetinin müxbiri Xəyyam Qurbanlı və həmin qəzetin şöbə müdiri Rizvan Mirmövsümov rüşvət alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən saxlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, mayın 7-də “Korrupsiya və bəşəriyyət” qəzetinin müxbiri Xəyyam Qurbanlı və həmin qəzetin şöbə müdiri Rizvan Mirmövsümov Bakı şəhərində 36 saylı Texniki yaradıcılıq mərkəzinə gələrək özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kimi təqdim edib. Bundan sonra mərkəzdə yoxlama aparacaqlarını bildirərək bir sıra sənədlərin fotoşəkillərini çəkib, müəllimlərin işə davamiyyəti ilə əlaqədar iradlarını bildirərək aşkar edilmiş nöqsanlarla bağlı tədbir görülməməsi müqabilində 300 manat məbləğində pul tələb ediblər

Mayın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları 300 manat pulu mərkəzin direktoru D.Əliyevadan alarkən hər iki şəxsi cinayət başında yaxalayıb.

Maraqlıdır ki, qəzetin şöbə müdiri minik avtomobilinin qabaq şüşəsinə «KORRUPSİYA» sözləri yazıbmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb, X.Qurbanlı və R.Mirmövsümovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG