Accessibility links

Bu il ən çox korrupsiya cinayəti bank sektorundadır


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mətbuat konfransı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mətbuat konfransı

İyulun 14-də Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin birinci yarımilində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, son altı ayda Baş İdarədə 1264 vətəndaş qəbul edilib. Həmçinin Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

“2016-cı ilin birinci yarımili ərzində vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

Korrupsiya ilə bağlı müraciət diaqramı

Korrupsiya ilə bağlı müraciət diaqramı

Həmin dövrdə Baş İdarədə əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.

2016-cı ilin birinci yarısında dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

O, qeyd edib ki, həmin cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

K.Əliyevin sözlərinə görə, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub.

“Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, 3-ü təhsil, 3-ü enerji sahəsi, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub”.

Bu il Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.

“Həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib. Axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib”, o qeyd edib.

Xatırladaq ki, 2015-ci ildə 69 vəzifəli şəxs korrupsiya ittihamı ilə axtarışa verilmişdi, onlardan cəmi 2-si həbs edilib.

Mətbuat konfransında iştirak edən Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində parlamentin rolu, səmərəli antikorrupsiya qanunvericiliyinin formalaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsini icra edən Kamal Cəfərov isə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi barədə məlumat verib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri də korrupsiya ilə bağlı real durumdan danışıb.

Suallara cavabda bildirilib ki, Nazirlər Kabineti vəzifəli şəxslərin gəlir bəyannaməsinin nümunəsini hələ də hazırlamayıb.

Xatırladaq ki, 11 il bundan əvvəl, 2005-ci ildə president “Gəlir bəyannaməsi haqqında” qanunu imzalayan zamanNazirlər Kabinetinə vəzifəli şəxslərin gəlir bəyannamə formasının nümunəsini hazırlamaq üçün 3 ay vaxt verib. Ancaq, 11 il keçsə də, prezidentin tapşırığı hələ də yerinə yetirilməyib. Çünki qanuna görə vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir.

XS
SM
MD
LG