Accessibility links

Onlar Bakıda aksiya keçirib və Ukrayna vətəndaşı olduqlarını təsdiq edib

Mayın 18-də Bakıda bir qrup Krım tatarı tarixi vətənlərindən deportasiyalarının növbəti ildönümünə həsr olunmuş aksiya keçirib. Şəhidlər Xiyabanında toplaşan Krımlılar 1918-1920-ci illərdə Bakıda bolşeviklərlə döyüşlərdə həlak olmuş türk əsgərlərinin abidəsini ziyarət edib. Abidə önünə çələng qoyduqdan sonra onlar Qarabağ döyüşlərində həlak olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Aksiya iştirakçıları 1944-cü ildə deportasiya zamanı həlak olmuş tatarlar və döyüşlərdə həlak olmuş türk əsgərlərinin ruhuna dualar oxuyub.

Aksiya başa çatdıqdan sonra Ukraynanın Bakıdakı səfirliyinin avtomobilləri aksiya iştirakçılarını səfirliyə qəbula dəvət edib.

Səfir Aleksandr Mişenko ilə görüşdə Krım problemi, tarixi köklər və Rusiyanın siyasəti haqqında fikir mübadiləsi aparılıb.

Səfir Krımın işğalının əbədi olmayacağından və bu yarımadanın gec ya tez Ukraynanın tərkibinə qayıdacağından əmin olduğunu bildirib.

Krım tatarlarının nümayəndələri də özlərini Ukrayna vətəndaşı hesab etdiklərini təsdiq edib və Moskvanın imperiya siyasətini pisləyib. Onlar bildiriblər ki, Ukrayna Radasına müvafiq müraciət göndəriblər.

Daha sonra Krımın tarixi, deportasiyanın səbəbləri və böyük dövlətlərin siyasəti haqqında fikir mübadiləsi aparılıb.

1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar - bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub. Onların yarısı Sibirə və Qazaxıstana gedərkən yolda həlak olub.

2014-cü ildə Krımın nəzarəti Rusiyanın əlinə keçəndən sonra tatarların hüquqları yenidən pozulmağa başlayıb və minlərlə insan vətənini tərk etmək məcburiyyətində qalıb.

XS
SM
MD
LG