Accessibility links

Krıma retrospektiv və siyasi perspektiv baxışlar [Videolar]


“Krım məsələsi fonunda Krıma retrospektiv və siyasi perspektiv baxış” adlı dəyirmi masa

“Krım məsələsi fonunda Krıma retrospektiv və siyasi perspektiv baxış” adlı dəyirmi masa

Bakıda bu mövzuda dəyirmi masa keçirilib. Tarixçi alim Cəmil Həsənli Krım tatarlarının son dövr tarixi barədə danışıb. Dəyirmi masadan video reportaj

İctimaiyyət nümayəndələri və bir qrup ziyalı “Krım məsələsi fonunda Krıma retrospektiv və siyasi perspektiv baxış” adlı dəyirmi masa keçirib.

Tədbirdə Ukraynada hakimiyyətdə olan keçmiş Yanukoviç hökumətinin avrointeqrasiya siyasətindən imtinasından sonra ölkədəki ictimai-siyasi duruma, onun inkişaf perspektivlərinə, regionda dünyanın aparıcı güclərinin toqquşan maraqlarına toxunulub. Bu fonda Krımın Rusiyaya tabe edilməsi üçün keçirilməsi nəzərə tutulan referendum, Krımın yerli əhalisi olan Krım tatarlarının taleyi müzakirə mövzusu olub.


Tarixçi professor Cəmil Həsənli Krımın yerli əhalisi olan tatarların son yüz ildəki durumu üzərində xüsusi dayanıb. XIX əsrin sonunda bu ərazinin əhalisinin 90%-nin Krım tatarları təşkil ediri. 1944-cü ilin mayında Stalinin əmri ilə bir çox xalqlar kimi Krım tatarları da ata-baba yurdlarından sürgün edilib. XX əsrin 50-ci illərində Krım tatarlarının sürgünü əsassız sayılsa da, xalqın tarixi torpaqlarına qayıtması haqda rəsmi sənəd imzalanmayıb. Sovet dövləti dağılandan sonra Krıma muxtar vilayət statusu verilməsinin isə məhz Krım tatarları ilə bağlı olduğu vurğulanıb. Bu status Krım tatarlarının hüquqlarının qorunması üçün nəzərdə tutulub.

“Bu muxtariyyətin Rusiyaya hər-hansı şəkildə dəxli yoxdur, bu, Krım tatarlarının hüquqlarının qorunması üçün təsis edilib”, deyə C.Həsənli qeyd edib.

Rusiyanın Krımda yaşayan rusların çoxluğuna əsaslanaraq referendum yolu ilə Krımı özünə birləşdirmək cəhdləri təzyiq, təcavüz, Krım tatarlarının haqlarının pozulması adlandırılıb. Krımı hər-hansı şəkildə Ukraynadan ayırmağın mümkün olmadığı qeyd edilərək, Kremlin bu addımla Krımda yaşayan ruslara problem yaratdığı vurğulanıb.

Turan agentliyinin direktoru Mehman Əliyev məsələnin siyasi olduğunu və yaranan ictimai-siyasi duruma görə Krım tatarlarının narahatlıq keçirdiyini önə çəkib. Moskvada Krımın Rusiyaya birləşdirildiyi halda Krım tatarlarının Sibirə sürgün olunması kimi xəbərlərin dolaşdığı nəzərə çatdırılıb. Krım tatarlarını referenduma cəlb etmək üçün Kremlin torpaq, vəzifə vədlərinə xalqın aldanmamalı olduğu xüsusi qeyd olunub. Hazırda Krım ətrafında Qərblə Rusiya arasında intensiv danışıqlar getməsi, Türkiyənin Krım tatarlarına dəstək vədi yaxın zamanda müsbət dəyişikliklər olmasına ümid kimi dəyərləndirilib. Bu fonda Rusiyanın iqtisadi durumunun ağırlaşdığı, 2015-ci ildə durumun bundan da pis olacağı qeyd edilib.


Krım tatarları fəallarından Lir Xəlilov Krımda baş verən hadisələri xüsusi xidmət orqanlarının işi adlandırıb. Krımda hadisələrin bu yerə gəlməsinə görə Ukraynanın keçmiş prezidentləri Yuşenko və Yanukoviç ciddi tənqid edilib. “Mövcud hadisələr Ukraynanın Krım tatarlarını yerli əhali kimi tanımamasının nəticəsidir. Rusiyanın rusdilli əhalinin hüquqlarını qorumaq adı altında Ukraynaya qoşun yeritməsi qanuna zidd addımdır. Krımdakı referenduma təkcə Krımda yaşayan deyil, Krımdan kənarda yaşayan tatarlar da qatılmalıdır”.

L.Xəlilov hesab edir ki, Ukraynanın Krımdan kənarda yaşayan tatarların ikili vətəndaşlıq haqqını tanıması zərurəti yaranıb. “Vaxtı ilə Krımdan sürgün edilən tatarların nəsillərinin bu məsələdə iştirak etməsi vacibdir. Rusiya rusların hüquqlarını qorumaq istəyirsə, o zaman Krımdan sürgün edilən tatar nəsilləri də öz haqlarını qorumaqda haqlıdır”, - deyə o Krımda hazırda keçirilən referendumun qanunsuz olduğunu əsaslandırıb.

“Belə referendumların zəncirvari fəsadlar yaradacaq”, o əlavə edib.

Azərbaycanın Tatar Cəmiyyətinin fəallarından Elvina Nurzuayeva qohumlarının əksəriyyətinin Krımda yaşadığını, hər gün informasiyalar aldığını bildirib. Gərginlik olsa da, toqquşmalar yoxdur. “Ruspərəstlərin səylərinə baxmayaraq, Krım tatarları təxribata getmir”, o qeyd edib.

Krımdakı hadisələrlə bağlı Bakıya gəlməyə məcbur olan Dilarə Bəkirova isə Krımda yaşayan rusların Krım tatarlarına, jurnalistlərə hücum etdiklərini deyib. Belə zorakılıqlardan qoruna bilmək üçün həyat yoldaşı Bakıya getməsini istəyib.

D.Bəkirovanın fikrincə, Krımda baş verən hadisələr Rusiyanın öz maraqları üçün törətdiyi böyük təxribatdır. “Rusiya Krımda Ukrayna telekanallarının yayımını dayandırıb”.

Natiqlər Bəxtiyar Tuncay və Dilavər Əzimli Rusiyanın bu siyasətinin özü üçün ağır nəticələrlə başa çatacağına toxunublar.
XS
SM
MD
LG