Accessibility links

BMT-nin Krım referendumu qətnaməsi təhlükələrin qarşısını ala bilərmi? (Müxtəlif baxışlar)


Ukrayna

Ukrayna

Kurt Volker: ABŞ başda olmaqla NATO hərəkət etməlidir

BMT Baş Assambleyası 16 mart Krım referendumunu tanımayan qətnamə qəbul edib.

Baş Assambleyanın 100 üzvü qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib, 58 ölkə bitərəf qalıb.

“Ukraynanın ərazi bütövlüyü” adlı A/68L.39-cu qətnamədə qeyd olunur ki, Krım referendumu “heç bir hüquqi qüvvəyə malik deyil, Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsi üçün əsas ola bilməz”, - sənəddə deyilir.

Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə səs verib.

Rusiya Federasiyası, Belarus, Zimbabve, Venesuela, Suriya, Ermənistan, Şimali Koreya, Kuba, Nikaraqua, Sudan qətnamənin əleyhinə səs veriblər.

APA agentiliyinin məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Aleksand Mişşenko Azərbaycanın BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin qəbulunda göstərdiyi fəal mövqe və ölkəsinin ərazi bütövlüyünü dəstəkləməsi ilə əlaqədar Azərbaycana dərin minnətdarlıq bildirib. “Məlum qətnamənin qəbulu Ukraynadakı münaqişənin həllinə kömək edəcək və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesində əlavə önəmli impuls olacaq”, səfir qeyd edib.

ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker isə Turan agentliyinə bildirib ki, hazırda çox mühüm məqamdır. “Moldova, Gürcüstan, Ukrayna və Azərbaycan kimi NATO üzvü olmayan ölkələr NATO-nun özünü necə aparacığını müşahidə edir: Rusiyanın dərsini verəcək yoxsa Moskvanın keçmiş SSRİ-nin hissələrini necə topladığını seyr edəcək. Buna yol verməmək üçün başda ABŞ olmaqla NATO hərəkət etməlidir”, o vurğulayıb.

Senator Makkeyn deyib ki, NATO tərəfdaşları Rusiyanın artan aqressiyası fonunda müdafiə xərclərini artırmalıdır. O həmçinin NATO-nu Vladimir Putinin ambisiyasını və onun əraziləri zəbt etmək cəhdlərini dəyərləndirməyə çağırıb.

Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Andrey Parubi Rusiyanın bütün qonşularını ehtiyatlı olmağa çağırıb. “Rusiya ilə sərhəddi olan heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməz”, Parubi qeyd edib.

Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Səyavuş Novruzov Rusiyadan Azərbaycana qarşı təhlükənin olmadığını deyib.

“Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır, amma bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsipi hesab edirik və hər bir ölkənin ərazi bütövlüyünü dəstəkləyirik. Bu baxımdan Azərbaycanın BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini dəstəkləyəcəyi məlum idi. Azərbaycanın mövqeyi həmişə belə olub. Bir neçə il əvvəl Kosovonun müstəqilliyi ilə bağlı qərar BMT-də səsverməyə çıxarılmışdı. Azərbaycan həmin qərara səs vermədi. Bildirdi ki, belə bir presedent yaratmaq olmaz, ərazi bütövlüyü əsas şərt olmalı və əsas şərt kimi qalmalıdır. Ukrayna ilə bağlı qərar da çox düzgün və ədalətlidir. Çünki hər hansı prinsip bir ölkəyə yanaşmada pozulursa, bu, başqa dövlətlərə də transfer edilə, başqa ölkələrdə də bu presedentdən istifadə oluna bilər”, o qeyd edib.
XS
SM
MD
LG