Accessibility links

Kristofer Smit: Biz demokratiyanı neftə qurban vermirik


Kristofer Smit

Kristofer Smit

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Azərbaycanda insan hüquqları sahəsində mövcud durumdan narahatdır

ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri Kristofer Smit Turan agentliyinə müsahibəsində Azərbaycandakı mövcud durumla bağlı təəssüratlarını bölüşüb. Müsahibəni təqdim edirik.

Sual: Bir neçə həftə əvvəl Vaşinqtonda Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyət haqqında dinləmələr keçirilib, bu zaman ciddi narahatlıqlar ifadə olunub. Bakıda səfərdəykən, yerində vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Demokratiya və insan hüquqları mövzusu hər zaman diqqət mərkəzimizdədir. Biz uzun müddətdir bunu izləyirik. Şənbə günü səhər prezident Əliyevlə bu məsələləri müzakirə etdik. Bir saatlıq görüş açıq və təfərrüatlı olub. Anar Məmmədlinin məsələsini qaldırdım və qeyd etdim ki, seçkilərlə məşğul olan QHT rəhbəri öz fəaliyyətinə görə həbs edilirsə, bu, ciddi narahatlıqlar doğurur.

Biz bilirik ki, ATƏT Azərbaycanda İlham Əliyevin səslərin 85%-ni qazandığı seçkiləri azad və ədalətli kimi qiymətləndirməyib. Bu, müəyyən suallar doğurmaya bilməz, buna görə seçkilərdə pozuntuları qeydə alanların həbs və mühakimə edilməsi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qiymətləndirilir.

Bu, təkcə seçkilərin monitorinqini aparanlara deyil, həm də blogerlərə, jurnalistlərə və hüquq müdafiəçilərinə aiddir. Mən bütün bunları prezidentə dedim və ona siyasi məhbus hesab etdiyim şəxslərin siyahısını verdim.

Sual: İlham Əliyev nə cavab verdi?

Cavab: O, bu halda müxtəsər danışdı. Təkcə onu dedi ki, siyahını tədqiq edəcək.

Sual: İnanırsınız ki, Azərbaycan hakimiyyətinin demokratiya sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün siyasi iradəsi var? Azərbaycan barəsində Maqnitski qanununa bənzər sənəd qəbul etmək çağırışlarını necə qiymətləndirirsiniz?

Cavab: Hazırda bu təcrübənin bir çox ölkələrə tətbiq edilməsi məsələsi fəal şəkildə müzakirə edilir. Bu sanksiyaların mahiyyəti ondan ibarətdir ki, bütün dünyada insan hüquqlarının pozulmasında əli olanlar sanksiyalara məruz qoyulsun. Biz artıq Çinə, Belarusa qarşı belə tədbirlər görmüşük. Mən şəxsən prezident Lukaşenko və ona yaxın 200 şəxsə qarşı sanksiyalar haqqında sənəd hazırlamışam.

İndi bütün dünyada insan hüquqlarını pozanlara qarşı mikrosanksiyaların daha çox tətbiq edilməsi təmayülü müşahidə olunur.

Hesab edirəm ki, hakimiyyət dərk etməlidir ki, vətəndaş cəmiyyəti ilə dialoq zəruridir. Rəqiblərlə daimi münaqişə yaxşı heç nə vəd etmir. Biz hələ bir il əvvəl prezident Əliyevlə bu barədə danışmışdıq, ümid edirəm ki, hazırkı görüşümüz nəticə verəcək.

İstənilən halda biz demokratik dəyərlərin möhkəmlənməsinə yönəlmiş bütün səylərə daimi və sistemli dəstəyi davam etdirəcəyik. Güman edirəm ki, ölkədə demokratiyanın vəziyyəti hakimiyyətin onu tənqid edən jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə necə münasibət göstərməsi ilə ölçülməlidir.

Sual: Sizin dediyiniz hər şey uzun illər boyunca dəfələrlə təkrar olunub. Lakin gerçəklik belədir ki, Azərbaycanda hüquq və azadlıqların vəziyyəti ildən-ilə daha da pisləşir və bu, yerli müxalifətin fikri deyil, beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin qiymətləndirmələridir. Bu, vətəndaş fəallarına Qərbin, xüsusən ABŞ-ın demokratiyanı neftə dəyişdiyini demək üçün əsas verir. Buna nə cavab verərdiniz?

Cavab: Şəxsən mən demokratiyaya dəstək məsələlərinə kifayət qədər diqqət yetirməyən prezident Obamanın siyasətindən məyus olmuşam və bunu onlarca dəfə açıq şəkildə dilə gətirmişəm. Bu halda təkcə Azərbaycanı deyil, həm də Çini və bu sahədə ciddi problemlər olan bir çox digər ölkələri nəzərdə tuturam.

Hazırda Konqresin getdikcə daha çox üzvü – demokratlar və respublikaçılar dünyada insan hüquqlarına dəstəyin və müdafiənin gücləndirilməsi zərurətinə meyl edir. Buna görə hüquqların pozulduğu ölkələrlə ticarət sövdələşmələri bağlamaq səmərəli deyil. Söhbət əmlak hüququndan, əqli hüquqlarından və müvafiq qanunvericilikdən gedir. Bu sövdələşmələr belə pozuntularla razılıq kimi görünməməlidir. İlk növbədə bu, Çin, həmçinin Azərbaycanla ticarətə aiddir.

XS
SM
MD
LG