Accessibility links

Şənbə günü Parisə gələn Kuba prezidenti Raul Kastro rəsmi görüşlərinə bazar ertəsi başlayıb.

Fransanın enerji naziri Seqolen Royal Kuba liderini Zəfər Tağında (Ark de Triomph) qarşılayıb.

Fransa prezidenti Fransua Olland axşam saatlarında prezident iqamətgahı olan Elysee Sarayında 84 yaşlı Kastronun şərəfinə şam yeməyi mərasimi təşkil edəcək.

Ötən il Kuba ABŞ-la diplomatik əlaqələri bərpa etdikdən sonra Fransua Olland adaya səfər edən ilk avropalı lider olub.

Olland deyib ki, Kuba prezidentinin Fransaya səfəri iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində yeni mərhələdir.

Kastronun səfəri Parisdə beynəlxalq kreditorlar klubu Kubanın 8.5 milyard dollar borcunu sildikdən bir neçə ay sonraya təsadüf edir.

Fransa bu razılığın həyata keçirilməsində mühüm rol oynayıb.

Fransanın xarici ticarət işləri üzrə naziri Mattia Fekl L'Humanite qəzetinə deyib ki, Kuba ilə Fransa arasında ticarət əlaqələri 195 milyon dollar həcmindədir. O, bu rəqəmin daha çox olmasını istədiyini ifadə edib.

ABŞ Paris kreditorlar klubunun üzvü deyil və Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqonu hələlik qaldırmayıb.

XS
SM
MD
LG