Accessibility links

Kür və Araz çaylarının daşması nəticəsində minlərlə ev su altında qalıb


Kür çayı
Kür çayı

Kür və Araz çaylarının Azərbaycan ərazisindən keçən hissəsində minlərlə ev sel və qrunt sularının altında qalıb. Ölən və xəsarət alan yoxdur.

Dünəndən başlayaraq, Kür və Araz çayında sel sularının azalması müşahidə edilsə də, təhlükə sovuşmayıb. Dünən bəzi yerlədə selin düzəldilmiş bəndləri aşması təhlükəsi yaranıb. Ancaq dövlət qurumları və yerli sakinlər bunun qarşısını almağa müvəffəq olublar. Sabirabad rayonunda Cavad kəndində bəndin bəzi hissələrində su sızması qeydə alınıb. Kənd sakinlərinin birlikdə sellə çarpışması bəndin dağılmasının qarşısını alıb və təhlükə sovuşub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri sel basmış Qaragüney və Dadaşbəyli kəndləri istiqamətində bəndqurma işlərini davam etdirir. Bu barədə “Amerikanın səsi” radiosuna Sabirabad rayonun Əlicanlı kənd sakini Şahbaz Əkbərli bildirib.

Salyan rayonunda Kürün səviyyəsi 70 santimetrədək enib. Hazırda rayon ərazisində bəndatma işləri davam etdirilir. Bunlara baxmayaraq, rayon ərazisində vəziyyət çətin olaraq qalır. Sel basmış 9 kəndin əhalisi hələ də geri qayıtmayıb. Kəndlərin küçələrini, həyətləri lil basıb. Qrunt suları bəzi yerlərdə 50-80 santimetrədək qalxıb.
“Hazırda Salyan şəhərinin bir çox mərkəzi küçələrində Kür suyu axır. 4 000 həyəti qrunt suları basıb”, - deyə Salyan şəhər sakini Emil Məmmədov “Amerikanın səsi” radiosuna bildirib.

Rayonun Babacanlı kənd sakini İlqar Əliyev kəndin bir çox hissəsində qrunt sularının 70 santimetrdən çox olduğunu deyib. “Bir çox ailələr kəndi tərk edib. Evimiz su ilə doludur, ailəmizi qohumların evinə köçürmüşük. Qrunt sularının həyətlərdən çəkilməsi üçün təcili köməyə ehtiyacımız var”, - deyə o qeyd edib.

Fövqəladə Hallar nazirliyinin açıqlamasında deyilir ki, son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar ayrı-ayrı şəhər və rayonlarda mürəkkəb vəziyyət yaranıb. Qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar nazirliyinin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar. Həmçinin, Sabirabad rayonunun inzibati mərkəzi və Yolçubəyli, Həsənli, Cəngan, Kürkəndi, Narlıq, Balvar, Cavad, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Türkədi, Əsgərbəyli, Dadaşbəyli kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Ağarəhimli, Kamallı kəndlərində, İmişli rayonunun inzibati mərkəzi və Məmmədli, Hacımustafalı, Telişli və Ağamalılar kəndlərində bənd bərkitmə işləri ilə yanaşı, həyətyanı sahələrdən suyun çəkilməsi operativ qaydada davam etdirilir. Neftçala rayonunun inzibati mərkəzi və Bankə və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Yenikənd kəndləri, Hacıqabul rayonunun Rəncbər, Abdulabad, Kolanı, Meyniman, Ələtli və Dürbənd kəndlərində, Kürdəmir, Zərdab, Beyləqan və Ağcabədi rayonları ərazisində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Dünən günorta saatlarından Bakıdan Astaraya gedən qatarların hərəkəti müvəqqəti dayandırılıb. Dəmir yolunun Şirvan rayonunun Azadkənd kəndində (Bakıdan 160 kilometr cənub-qərb) 5-6 metrədək hissəsini sel suları dağıdıb.

Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov “Amerikanın səsi” radiosuna bildirib ki, hazırda bəndqoyma işləri və dəmir yolunun bərpa işləri aparılır. Dəmir yolunda hərəkət yaxın günlərdə bərpa olunacaq.

Kür və Araz çayları üzrə ekspert Ələsgər Yusifov “Amerikanın səsi” radiosuna bildirib ki, çaylarda sel suları gözləniləndir. “Azərbaycanda Kür və Araz çaylarında sel sularının toplanması məqsədilə Mingəçevir, Şəmkir və Naxçıvanda göllər tikilib. Bu göllər iki il ərzində bu çaylardan axan sel sularını tutur. Hazırda sel sularının əhaliyə bu qədər ziyan vurmasında yəqin ki, səhlənkarlıq var”, - deyə o qeyd edib.

Ekspertin dediyinə görə. Kür çayı ətrafında qrunt sularının qalxmasının qarşısını almaq mümkün deyil. “Kür çayı dəniz səviyyəsindən 4-6 metr hündürdən axır. Kür-Araz ovalığı isə dəniz səviyyəsindən aşağıdadır. Sadəcə çayın sağ və sol sahillərində yaşayış məntəqələrinin inşa edilməsinə yol vermək olmaz. Qrunt sularının əhatə etdiyi torpaqlar məhsuldar olduğundan burada insanlar evlər tikib, əkinçiliklə məşğul olur”, - deyə Ə.Yusifov bildirib.

Öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosu yaxın 3-4 gündə havaların yenidən yağmurlu olacağını bildirir. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı gözlənilir. Daşqın və sel ehtimalı var.

XS
SM
MD
LG