Accessibility links

Urmiyə Gölünü Canlandırma Mərkəzinin nəzərdə tutduğu 1467 milyard tümən vəsait 760 milyard tümənə endirilib

İranın Nazirlər Kabineti keçən günlərdə prezident Həsən Ruhaninin başçılığı ilə təşkil olunan toplantıda Urmiyə Gölünü Canlandırma Mərkəzinin təqdim etdiyi layihələri dəyərləndirib. Toplantıda mərkəzin birinci mərhələdə həyata keçirəcəyi layihələr üçün nəzərdə tutduğu büdcə vəsaiti yarıya qədər azaldılıb.

Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri noyabrın 5-də İran dövlətinin rəsmi xəbər agentliyi İRNA ilə söhbətdə ilkin olaraq nəzərdə tutulan büdcə vəsaitinin 1467 milyard tümən (təxminən 550 milyon dollar), kabinet iclasında isə qəbul edilən məbləğin 760 milyard tümən (284 milyon dollar) olduğunu açıqlayıb.

Kəlantəri bir neçə ay öncə mərkəzin nəzərdə tutduğu məbləğin hamısının prezident tərəfindən də qəbul edildiyini söyləmişdi.

Keçən iyul ayında Mehr xəbər agentliyi İsa Kəlantərinin sözlərini belə əks etmişdi:

“Urmiyə Gölünü Canlandırma Mərkəzi gölü xilas etmək üçün 15000 milyard tümənlik büdcə vəsaiti nəzərdə tutub ki, bunun indiki dəyəri 5 milyard dollardır. Bu məbləğ üçün ölkə prezidenti, həmçinin İdarəetmə və Planlaşdırma Təşkilatının da razılığını almışıq. Birinci ildə həyata keçiriləcək layihələr üçün təqribən 1500 milyard tümən büdcə ayırılacaq.”

Katib noyabrın 5-də büdcənin yarıya endirilməsinin səbəbləri ilə bağlı İRNA-ya məlumat verib.

O, büdcənin bir hissəsinin ötən iki ay ərzində yağıntıların çoxalması səbəbi ilə gündəmdən çıxarıldığını irəli sürüb.

Kəlantərinin dediklərinə görə, azaldılan məbləğin bir bölümü sərhəd çaylar üçün ayrılmış vəsait fondundan ödəniləcək.

XS
SM
MD
LG