Accessibility links

Vali: Keçmişdə Urmiyə Gölü müdafiəçilərinə tüfəng və süngü ilə cavab verilirdi


Qərbi Azərbaycan valisi Qurbanəli Səadət
Qərbi Azərbaycan valisi Qurbanəli Səadət

“Bundan əvvəl Urmiyə Gölünün qurumasına etiraz edənlərə tüfəng və süngü ilə cavab verilirdi,”-deyə Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Urmiyə Gölü böhranı ilə bağlı təşkil olunmuş bir tədbirdə etiraf edib.

Bu haqda Qərbi Azərbaycan Valiliyinin rəsmi veb səhifəsi məlumat yayıb.

Vali həmçinin deyib ki, “bu gün Urmiyə Gölü ilə bağlı mövcud olan əvvəlki təhlükəsizlik atmosferinin mədəni və ictimai bir atmosferə çevrildiyinə şahidik. 11-ci hökümət (Həsən Ruhani höküməti) konfranslar və elmi seminarlar təşkil etmək, eləcə də, əhali və əkinçilərin yardımı ilə bu problemi çözmək istəyir.”

2011-ci ilin avqust ayında, İran Parlamenti Urmiyə Gölünü canlandırmaq üçün təqdim edilən bir layihəni rədd etdikdən sonra İran Azərbaycanında baş verən kütləvi etirazlar polisin sərt müdaxiləsi ilə dağıdılaraq həm etirazlar zamanı həm ondan sonra etirazlara qatılan bir çox əhali kütləvi şəkildə həbs edilmişdi.

Kütləvi həbslərin çoxu prezident Əhmədinejad dönəmində baş versə də, insan haqları təşkilatlarının hesabatına görə, Urmiyə Gölü ilə əlaqədar həbslər və mühakimələr Həsən Ruhani dövründə də davam edib. Hazırda həbsdə saxlanılan, habelə müvəqqəti azadlıqda olub, amma məhkum olduqları həbs cəzasının icrasını gözləyən bir çox fəalın mühakiməsi Urmiyə Gölü etirazları ilə bağlı olub.

Bir çox ekologiya ekspertləri, həmçinin Təbriz və Urmiyə kimi şəhərlərin millət vəkilləri hökümətin Urmiyə gölü ilə bağlı hər hansı əməli addım atmadığını və yalnız konfranslar və seminarlar təşkil etdiyini ifadə edirlər.

XS
SM
MD
LG