Accessibility links

Lamiyə Quliyeva: Cəmiyyətin, prezidentin, prokurorun məni bağışlamasını xahiş edirəm [Video]


Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olarkən təkrarən cəza alan və orada uşaq dünyaya gətirən Lamiyə Quliyevanın işi üzrə hazırlıq iclası keçirilib.

Lamiyə Quliyeva 2003-cü ildə Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunun qətlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sontra onun həbs müddəti daha 5 il 6 ay artırılıb. Beləliklə, Quliyevanın ümumi həbs müddəti 15 il yarım təşkil edib.

Apellyasiya şikayətinə Quliyevaya “həddindən artıq sərt cəza verilməsi” ilə bağlı prokurorluğun etirazı ilə baxılır.

Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi faktı ictimailəşdikdən sonra bu işə ictimai diqqət cəlb olunub. KİV-də onun qisas məqsədilə zorlandığı haqqında ehtimallar səslənib. Hüquq-mühafizə orqanları bunu təkzib edirlər, amma nikahda olmayan qadının təcridxanada necə uşaq dünyaya gətirə bildiyini aydın şəkildə izah edə bilmirlər. Bu isə yerli mediada “qisas faktı” kimi dəyərləndirilir.

Lamiyə Quliyeva məhkəmə zalına uşağı ilə birlikdə gətirilib.

“Uşağı məcburiyyyə qarşısında dünyaya gətirdim. Hərəkətlərimə görə cəmiyyətdən, prezidentdən, prokurordan məni bağışlamasını xahiş edirəm”, deyərək o göz yaşlarını saxlaya bilməyib. Lamiyənin balaca körpəsi də anasının göz yaşlarına dözməyib. Ana və balanın hıçqırtısı məhkəmə zalında sanki hamını dondurmuşdu…

“Mən uşağımı azadlıqda böyütmək istəyirəm. Bütün ömrüm məhv olub. 15 yaşımdan həbsdəyəm. Cinayət törədəndə uşaq olmuşam, bunun da səbəbi var idi”, Quliyeva bildirib.

O ədalətli insanlara təşəkkürünü çatdırıb.

Vəkil Fəxrəddin Mehdiyev Quliyeva barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və işə qismən məhkəmə istintaqı ilə baxılması haqqında vəsatət qaldırıb.

Lakin məhkəmə vəsatətləri təmin etməyib və işə mahiyyəti üzrə baxılmasını fevralın 20-si saat 12.30-a təyin edib.

XS
SM
MD
LG