Accessibility links

Sergey Lavrov: Azərbaycan və Rusiya strateji tərəfdaşdır


Elmar Məmmədyarov və Sergey Lavrov

Elmar Məmmədyarov və Sergey Lavrov

Azərbaycan və Rusiya xarici işlər nazirləri görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. O bu gün Azərbaycan xarici işlər naziri ilə görüşüb.

Nazirlərin görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Sergey Lavrov bildirib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır.

Onun sözlərinə görə iki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb. “Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək”.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Lavrov ATƏT-in Minsk qrupunun əvvəllər iki ölkənin prezidentləri tərəfindən əldə olunan təşəbbüslərin irəliyə aparılması ilə bağlı səylərini vurğulayıb. "Biz həmçinin Ukraynadakı vəziyyəti müzakirə etdik. İnsanların həlak olması bu ölkədə atəşin dayandırılmasının lazım olduğuna işarədir. Biz habelə beynəlxalq terrorizmin baş qaldırdığı İraqda, Suriyadakı vəziyyəti də müzakirə etdik".
Elmar Məmmədyarov və Sergey Lavrov

Elmar Məmmədyarov və Sergey Lavrov

S.Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq deyib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar.

Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb.

S. Lavrov Yaxın Şərqdə terrorçuluqdan narahatlığını ifadə edib. “Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükədir”.

Elmar Məmmədyarov da Azərbaycan və Rusiyanın münasibətlərinin strateji xarakter daşıdığını deyib. Nazir qeyd edib ki, iqtisadi nöqteyi-nəzərdən əmtəə dövriyyəsi artır. "Biz əməkdaşlığın daha da dərinləşməsi üçün münasibətlərin perspektivlərini müzakirə etdik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunduq".

Onun sözlərinə görə, iyunun sonunadək Dövlət Dumasının spikeri Sergey Narışkin, ona qədər isə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək.

Nazir Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında məsələyə də toxunub. "Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında təklifi var. Biz indi bu görüşün təşkili ilə bağlı Fransadan cavab gözləyirik", o qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov həmçinin Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmadığını bildirib.
Eyni zamanda o deyib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: “Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq”.

Onun fikrincə, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: “Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”.
XS
SM
MD
LG