Accessibility links

Leyla Yunus: 2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib


Leyla Yunus: 2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib

Leyla Yunus: 2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib

Hüquq müdafiəçisi siyasi məhbusların ümumi sayının 70-dən çox olduğunu bildirib.

2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib və 2003-cü ildən sonrakı dövrdə siyasi məhbusların sayının ən kəskin şəkildə artımı qeydə alınıb. Bu barədə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

“Bu il 26 yeni siyasi məhbus olub. Siyasi məhbusların ümumi sayı isə 70-dən çoxdur”, deyə o qeyd edib

Xanım Yunus yeni siyasi məhbuslara 2 aprel mitinqi ilə əlaqədar həbs olunmuş 13 nəfəri, gənc fəal Bəxtiyar Hacıyev və Cabbar Savalanı, hüquq müdafiəçisi Vidadi İsgəndərlini və AXCP fəalı Şahin Həsənlini aid edib. “Bu 17 nəfəri Amnesty İnternational vicdan məhbusu kimi tanıyıb. Heç bir cinayət əməli törətməyən, yalnız siyasi əqidəsinə və ifadə azadlığına görə həbs olunan şəxslər vicdan məhbusu sayılır. Bundan əvvəl, Amnesty İnternational heç vaxt Azərbaycanda bir il ərzində bu qədər çox şəxsi vicdan məhbusu kimi tanımamışdı”.
Hüquq müdafiəçisi bu il həbs edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının lideri Nemət Pənahlını da siyasi məhbus sayır. Bundan başqa, SDİ-nin fikrincə, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və bu partiyanın daha 5 fəalı və dindarlar da siyasi məhbuslardır.
Bu zaman o, sözügedən şəxslərə qarşı irəli sürülmüş ittihamların “hakimiyyəti ələ keçirmək cəhdi” olduğuna diqqət çəkib.
Xanım Yunus qeyd edib ki, müntəzəm olaraq bir qrup bu ittihamla həbs olunur. Bu, 1994-95-ci, 2000-ci, 2005-ci, 2007-ci illərdə baş verib və hazırda islamçılar bu ittihamla həbs olunub. Onun fikrincə, islamçıların həbsinin əsas səbəbi Səmədovun ilin əvvəlində Azərbaycan rəhbərliyinin siyasətini kəskin tənqidə məruz qoyması olub.
SDİ daha iki din xadimi - bu il Gəncədə xuliqanlıq ittihamı ilə həbs olunmuş Fəxri İlyasov və Azər Cəbiyevi də siyasi məhbus kimi tanıyıb.
26 yeni siyasi məhbusdan başqa, SDİ-nin ümumi siyahısında Azərbaycanın AŞ-a qəbul edildiyi zaman və bundan sonra tərtib olunmuş əvvəlki siyahılarından 25 siyasi məhbusun adı qalmaqdadır.
SDİ 2007-ci ildə “Səid Dadaşbəylinin qrupunun” işi üzrə İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq və konstitusiya dövlət quruluşunu devirmək ittihamı ilə həbs olunmuş 10 nəfəri də siyasi məhbus hesab edir.
”Bu təhsilli gənclərin siyasi məhbus kimi tanınması üçün əsas cinayət işinin saxtalaşdırılmasının və ittihamların cəfəngiyat olmasının göz önündə olmasıdır. Belə ki, ittiham materiallarında məhkumların bir-birinə düşmən olan radikal dini təşkilatlar və xüsusi xidmət orqanları ilə əlaqələri olduğu qeyd edilir. Xüsusən, “Hizbullah”, “Həmas”, “Fəth”, “Əl-Qaidə”, xristian qruplaşmalarının, İran və hətta İsrailin xüsusi xidmət orqanlarının adları çəkilir. Məhkumların çoxu həbs edilənədək bir-birini tanımırdılar. Doğmalarının sözlərinə görə, gənclər dindarlar arasında humanitar aksiyaları ilə əlaqədar xüsusi xidmət orqanlarının diqqətini çəkiblər və bu, təhsilli insanların arasında onların məşhurlaşacağı ilə bağlı narahatlıq doğurub”.
SDİ-nin siyasi məhbuslar siyahısında gənc fəal Ruslan Bəşirli, keçmiş OMON komandiri Nizami Şahmuradov (1995-ci ilə hadisələri ilə əlaqədar ittiham olunurdu, 2007-ci ildə özü təslim olub), Mehman Məmmədov (keçmiş Bakı prokuroru Məmməd Quliyevin sürücüsü, “dövlət çevrilişi haqqında iş”, 2000-ci il), keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov və 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmiş, sonradan isə iqtisadi cinayətlərə görə məhkum edilmiş bir sıra digər şəxslərin və s. adları var.
Xanım Yunus SDİ-nin siyahısındakı bütün şəxslərin təkcə Amnesty İnternationalın meyarlarına görə deyil, 2001-ci ildə AŞ baş katibinin təyin etdiyi ekspertlərin Azərbaycan üçün müəyyən etdiyi 5 meyar üzrə də siyasi məhbus olduqlarını qeyd edib.
2011-ci ildə vəziyyətin ciddi şəkildə pisləşdiyi sahələrdən biri kimi hüquq müdafiəçisi söz və ifadə azadlığını qeyd edib. “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsini bunun göstəricisi sayıb. Amma ən təhlükəli fakt kimi publisist Rafiq Tağının qətlini göstərib.
Bu terror aktı jurnalistlər və digər yaradıcı peşə sahibləri arasında özünüsenzuranın güclənməsinə səbəb olur. “Bu cinayət göstərir ki, azad düşünən insanların Azərbaycanda yaşaması təhlükəli hal alır”, - deyə o bildirib.
2011-ci ildə vəziyyətin kəskin pisləşdiyi sahələrdən üçüncüsü mülkiyyət hüquqlarıdır. Xanım Yunusun sözlərinə görə, bu il 60 min vətəndaş abadlıq işləri bəhanəsi ilə adekvat kompensasiya almadan evlərindən məcburi köçürülərək, əmlakından məhrum olub. “2012-ci ildə daha 50 min nəfəri bu tale gözləyir. Vətəndaşlar buna yalnız birləşərək, səylərini birləşdirərək qarşı dura bilir”.

SDİ əmlak hüquqlarının pozulması faktlarını birləşdirərək, beynəlxalq təşkilatlara təqdim etmək niyyətindədir.
Xanım Yunus həmçinin qeyd edib ki, 2011-ci ildə digər demokratik azadlıqlar sahəsində də vəziyyət pisləşib.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə insan hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Bir qayda olaraq dövlət və hökumət rəsmiləri beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının tənqidlərini qərəzli adlandırır. Rəsmi Bakı həmçinin ölkədə siyasi iddialarla heç kimin həbsdə olmadığını bəyan edib.

Xatırladaq ki, dekabrın 10-u Beynəlxalq İnsan Haqları günüdür.

XS
SM
MD
LG