Accessibility links

Leyla Yunus: Tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir


Leyla Yunus: Tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir
Leyla Yunus: Tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun Amerikanın Səsi radiosuna müsahibəsi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda son həbslər və siyasi məhbus problemlərindən danışıb. Onun dediyinə görə, Avropa Şurasının Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçisi bu işlə məşğul olmaq istəmir.

Sual: Son dövrlər ölkədə bir sıra şəxslər həbs olunub. Xüsusilə, İslam və Milli Dövlətçilik Partiyalarının sədrlərinin həbsinə səbəb nədir?

Cavab: Sülh və Demokratiya İnstitutu İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı bəyanatla çıxış edib. İslam Partiyasının yanvarın 2-də keçirilən məclisində Mövsüm Səmədov sərt çıxış edib. O, ölkədə korrupsiya yaradanaları, xüsusilə prezidenti sərt tənqid edib. Yanvarın 7-də Səmədov polis tərəfindən inzibati qaydada tutuldu, sabahısı gün onun yaşlı atası və qohumları tutuldu. Həmişə olduğu kimi patron, qranat tapıldı. Beləliklə, Səmədova qarşı terroçuluğa hazırlıq ittihamı irəli sürüldü. Əminəm ki, partiya sədrinin tutulması onun çıxışı ilə bağlıdır.

20 ildən çox insan hüquqlarını müdafiə edən bir şəxs kimi deyə bilərəm ki, prezidenti şəxsən tənqid edən Azərbaycan vətəndaşını tuturlar. Səmədov yanvarın 2-də çıxış etdikdən sonra, artıq onun tutulaçağı hamıya bəlli idi.

Sual: Bəs, Nemət Pənahlı hansı səbəbdən həbs edilib?

Cavab: Nemət Pənahlının çıxışlarını və həbsi prosesini izləməmişəm. Bu səbəbdən də bir söz deyə bilmərəm. Ancaq, İslam Partiyasının bir neçə digər fəalı inzibati qaydada həbs edilib və bir neçə üzvünə qarşı isə cinayət işi açılıb. Hesab edirəm ki, bu söz və fikir azadlığına qarşı bir hərəkətdir. Azərbaycanda iqtidarın fikrindən fərqli fikir söyləmək qadağandır. Azərbaycan iqtidarı bütün cəmiyyəti nəzarət altında saxlamağa çalışır və hamının qorxu altında yaşamasını istəyir. Ölkədə tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir. Tənqidə dözümlülük yoxdur.

Sual: Son dövrlər siyasi məhbus problemi də diqqət mərkəzindədir. Avropa Şurasının siyasi məhbus prproblemi üzrə məruzəçisi də bir dəfə belə Azərbaycana səfər etməyib. Siyasi məhbus problemi hazırda nə yerdədir?

Cavab: Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, Almaniya Bundestaqının üzvü Kristofer Ştosser ilə Almaniyada iki dəfə görüşmüşəm. O, 2009-cu ilin martında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib. Mən onunla 2009-cu ilin aprelində və 2010-cu ilin noyabrında görüşmüşəm. Ona Azərbaycandakı siyasi məhbusların siyahısını da təqdim etmişəm. Sözün doğrusu, onunla görüşdə hiss etdim ki, bu məsələ ilə məşğul olmaq istəmir və Azərbaycana səfər edib problemi öyrənib məruzə hazırlamaq fikrində deyil. Elə isə sual olunur? Avropa Şurasının Parlament Assambleyası niyə bu adamı məruzəçi təyin edib? Əgər o bu işlə məşğul olmaq istəmirsə hansı səbəbdən yeni məruzəçi təyin edilmir?

Çünki vaxtı ilə məruzəçilər Belçika parlamentinin deputatı Corc Klerfayt və İngiltərə depuatatı Malkom Bryus Azərbaycana səfər edib məruzələr hazırlayıb.

Sual: Hazırda ölkədə siyasi məhbus hesab etdiyiniz nə qədər insan var?

Cavab: Hüquq müdafiə təşkilatları federasiyasının siyahısına görə hazırda ölkədə 50 siyasi məhbus var. Birinci siyahı 2001-ci ildə hazırlanıb və həmin siyahıda 704 nəfər siyasi məhbus var idi. Bu siyahı ilə məruzəçi Corc Klerfayt işləyib. Bu gün həmin siyahıdan həbsdə cəmi 18 nəfər qalıb. Bununla yanaşı, 2003-cü ildən sonra siyahıya yeni həbs edilənlər əlavə olunub və hazırda onların sayı 50 nəfərdir. Məsələn, Ruslan Bəşirli 2005-ci ildə heç bir günahı olmadan həbs edilib. Müşfiq Mədətov 14 ildir həbsdədir. Natiq Əfəndiyev 5 il həbs müddətini həbsxanada keçirib və azadlığa çıxıb.

Ancaq, son dövrlər həbs edilənləri də hesablasaq, yəqin ki, siyasi məhbusların sayı artıq 60 nəfərdən çox olacaq.

XS
SM
MD
LG