Accessibility links

Leyla Yunus: Azərbaycanda xor oxunur - həbsdən buraxdı, yenə buraxacaq [Video-müsahibə]


Sülh və Demokratiya İnstitutunun direktoru Amerikanın Səsinə müsahibəsində siyasi məhbus və qətllərdən danışıb

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində ölkədə siyasi məhbus problemi, jurnalistlərin və bəzi şəxslərin qətllərinin açılmamasının səbəblərindən danışıb.

Leyla Yunus Azərbaycanda prezident seçkilərindən sonra siyasi məhbusların sayının artdığını bildirib. Onun sözlərinə görə, hazırda ölkədə siyasi məhbusların sayı 140 nəfərdən çoxdur.

Bu gün siyasi məhbusların sayı 140 nəfərdən çoxdur.
“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəsinin keçməməsi ölkəyə yaşıl işıq yandırdı və siyasi məhbusların sayı sürətlə artmağa başladı. Bu ilin yanvarın 23-də Ştrasserin Azərbaycanda siyasi məhbuslar siyahısı ilə Sülh və Demokratiya İnstitutunun siyahısı eyni idi - 81 nəfər. Bu gün siyasi məhbusların sayı 140 nəfərdən çoxdur. 23 yanvarda AŞPA Strasserin məruzəsini qəbul etmədi və artıq fevralın 4-də REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbs edildi”, o qeyd edib.

Yunusun dediyinə görə, “seçki ili ərzində tuthatut davam edib”.

“Hökumət indi jurnalistləri, blogerləri, gənc fəalları və allah yolu ilə gedən inanclı insanları tutur.
“Hökumət indi jurnalistləri, blogerləri, gənc fəalları və allah yolu ilə gedən inanclı insanları tutur”, Sülh və Demokratiya İnstitutunun direktoru bildirib.
Onun fikrincə, siyasi hesab edilən qətllərin üstünün açılacağı barədə düşünmək sadəlövlük olar.

“Biz mafiya, kriminal rejimin hakimiyyəti altında yaşayırıq. Beynəlxalq təşkilatlar avtoritar rejimdən yazır. Amma avtoritar rejimlərdə qanunlar var, qanun pis olsa da işləyir. Ancaq bizdə hökuməti, cəmiyyəti idarə edən mafiyadır. Kriminal qruplarda razborka olur. Məsələn, Müdafiə nazirinin müavini öldürülüb. Kimdir onu açan. Razborka idi. Özləri bilirlər, amma açmaq yoxdur. Qaldı ki, siyasi qətllərə, Rafiq Tağı, Elmar Hüseynov qətlə yetirilib, bu əmr çox yuxarıdan verilib. Bunu hamı başa düşür. Əlbəttə bu açılmayacaq”.

Onun sözlərinə görə, həbsxanada Novruzəli Məmmədov, Faina Kunqurova işgəncə yolu ilə öldürülüb.

Amma, hər il həbsxanalarda ona yaxın adam işgəncə nəticəsində ölür.
“Bunların adlarını biz tanıyırıq, çünki siyasi məhbuslar idi. Amma, hər il həbsxanalarda ona yaxın adam işgəncə nəticəsində ölür. Onların adlarını da bilmirik. Məsələn, 2007-ci ildə Səid Dadaşbəylinin işi ilə bağlı 30 yaşlı biznesmeni tutublar döyüb öldürüblər və hamıya deyiblər ki, sizi də belə öldürəcəyik. Sonra məhkəmədə vəkil deyib ki, bu adam tutulub, nə həbsxanada var, nə də azad buraxılıb. Bu adam haradadır. Məmmədov familyalı bir şəxs idi. Bunu ona görə deyirəm ki, Azərbaycan vətəndaşları bilsinlər. Yoxsa gəlib mənə deyirlər ki, papamı tutublar, oğliumu tutublar indi həbsdə öldürülər. Mən indiyədək bilmirdim ki, həbsdə belə şeylər olur”.

O,hesab edir ki, Azərbaycan iqtidarı seçki ilində siyasi və vicdan məhbuslarının sayını artırmaqla siyasi alver edir.

2003-cü ildə 120-130 nəfər siyasi məhbus var idi. İndi 140-dır.
“2003 və 2013-cü seçki ilini müqayisə edək. 2003-cü ildə 120-130 nəfər siyasi məhbus var idi. İndi 140-dır. İndi də, onda da beynəlxalq aləm bilirdi ki, saxtakarlıq var, azad seçki olmayıb. Ancaq, seçkidən sonra bu məhkəmələr başlayanda seçkilər yaddan çıxdı. Ictimai, siyasi təşkilatlar, hüquq müdafiəçiləri beynəlxalq təşkilatlara, Amerika Dövlət Departamentinə qanunsuz həbslərlə bağlı şikayətlər edir. Beləliklə, hökumət nə vaxt 5 nəfər qanunsuz həbs edilmiş şəxsi azadlığa buraxır hamı alqışlayır. Avropa Şurası, Avropa İttifaqı, Dövlət Departamenti çox sağ ol deyir İlham Əliyevə. Azərbaycanda xor oxuyur ki, gördünüz buraxdı, yenə də buraxacaq. İndi də eyni vəziyyətdir”, Yunus bildirib.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbus və siyasi qətllər olmadığını bəyan edir. Azərbaycan hüquqi dövlətdir və hər bir insan qanun qarşısında bərabərdir. İnsanlar siyasi fəaliyyətinə, fikrinə, bəyanatlarına görə deyil, qanunu pozduqlarına görə hüquqi məsuliyyətə cəlb edilir.

Dövlət rəsmiləri ölkədə işgəncə faktlarını dəfələrlə təkzib edib və hüquq müdafiə təşkilatlarının insanalrın işgəncə nəticəsində ölümü barədə bəyanatlarına məhkəmə-tibbi ekspertizanın tibbi rəyi ilə cavab veriblər.

Mövzuya uyğun

XS
SM
MD
LG