Accessibility links

Leyla Yunus karser təhlükəsindən xəbər verir [Yenilənib]


Leyla Yunus
Leyla Yunus

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Leyla Yunusun saxlanma və səhhəti ilə bağlı mətbuatda gedən yazılarla bağlı açıqlama verib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti son günlər Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma və səhhəti ilə bağlı mətbuatda gedən yazılarla bağlı açıqlama verib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

Y. İsakov bildirib ki, L. Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqları tamamilə əsassızdır.

“Bakı İstintaq Təcridxanasındakı bütün təqsirləndirilən şəxslər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulan hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq) tam həcmdə istifadə edirlər.

Onun sözlərinə görə Leyla Yunusun ona qarşı təxribat hazırlanması barədə növbəti uydurma iddiası da yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür.

Penitensiar Xidmət bir daha bəyan edib ki, hər hansı müəssisədə saxlanılan şəxslərin təhlükəsizliyi qanunvericiliklə qorunur.

Təqsirləndirilən şəxslər və ya məhkumlar tərəfindən digərlərinə qarşı qeyri-insani rəftar yolverilməzdir və Penitensiar Xidmət tərəfindən buna tam təminat verilir.

Leyla Yunusun səhhəti ilə bağlı iddialarına gəlincə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən onun tibbi müayinədən keçirilməsi və zəruri müalicəsi təmin olunması deyilib.

***

1 saylı Kürdəxanı istintaq təcridxanasında həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, ona qarşı təxribat hazırlanır və cümə günü, sentyabrın 5-də o, karserə (cəza kamerası) düşə bilər.

Contact.az saytının məlumatına görə hüquq müdafiəçisi qeyd edir ki, nəzarətçi Nəzakət Məmmədova və onunla eyni kamerada qalan residivist Nariya Hüseynova ona psixoloji təzyiq göstərir.

Təcridxana rəhbərliyi ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnir.

Diabet xəstəsi olan Yunusa lazımi tibbi xidmət də göstərilmir.

Leyla Yunus iyulun 30-da digər hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanın vahid siyasi məhbuslar siyahısını tərtib etdikdən sonra həbs edilib. O və həyat yoldaşı Arif Yunus dövlətə xəyanətdə ittiham olunur.

Penitensiar Xidmət Leyla Yunusun dedikləri ilə bağlı hələ münasibət bildirməyib. Bununla yanaşı, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi bir qayda olaraq bildirir ki,

Penitensiar xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas yoxdur.

XS
SM
MD
LG