Accessibility links

AXCP Leyla Yunusun ictimai müdafiəsi ilə bağlı kampaniyaya başlayıb


Leyla Yunus
Leyla Yunus

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hüquq müdafiəçisi Leyla Yunusla bağlı sosial şəbəkələrdə müdafiə kampaniyasına başlayıb. Bu barədə partiya facebook səhifəsində məlumat yayıb.

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus 2014-cü il iyulun 30-da, həyat yoldaşı, tarixçi alim Arif Yunus isə avqustun 5-də həbs edilib. Onlar dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Yunuslar ittihamları qəbul etmir, siyasi sifariş olduğunu bildirir.

Amnesty International Yunusları “vicdan məhbusu” kimi tanıyıb.

AXCP-nin məlumatında deyilir ki, söhbət rejimlə kişi kimi mübarizə aparan, hazırda girov götürülmüş ahıl yaşlı bir xanımın - Leyla Yunusun səhhətindəki problemlərin kəskinləşməsindən, həyatına ciddi təhlükə yaranmasından gedir.

”Leyla xanımı həbsxanada müayinə etmiş Almaniyadan olan həkim də artıq təsdiqləyib ki, onun səhhətindəki problem həyatına təhlükə yaradır. Yəni sizin, bizim - hər birimizin hüquqları uğrunda prinsipial mübarizə aparmış və bu mübarizəsinə görə həbs edilmiş ahıl yaşlı bir qadın həbsxana şəraitində ölüm təhlükəsilə üz-üzədir. Buna susmağımız, etiraz etməməyimiz insanlıqdan kənar və vicdansızlıq olardı. Odur ki, Leyla Yunusla bağlı aksiyaya başlamaq qərarı verdik. Aksiyamız siyasi məhbuslara dəstək kampaniyamız çərçivəsində elan olunur”.

AXCP müdafiə məqsədi ilə təklif edir ki, aksiyada iştirak edən facebook istifadəçilər profil fotolarını Leyla Yunusun fotosu ilə əvəz etsin.

“#FreeLeyla və #Leylaniazadet haştagları ilə onun barəsində statuslar yazın, ona azadlıq tələb edən çağırışlar yayın, onun fotolarını paylaşın və s. Yeri gəlmişkən, Leyla Yunusun həyat yoldaşı Arif Yunus da hazırda günahsız yerə həbsdədir və onun da səhhəti yaxşı deyil. Sizi aksiya çərçivəsində Arif Yunusu da diqqətdə sağlamağa çağırırıq”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG