Accessibility links

Leyla Yunusun 8 mart bayramı – “səhhətimiz ağırdır” [Video]


Hüquq müdafiəçisi Leyla Yunusun Amerikanın Səsinə müsahibəsi

Xədicə İsmayılovadan fərqli olaraq vicdan məhbusu kimi tanınan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar şərti cəza ilə azadlıqdadır.

Martın 7-də vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunusa evlərində baş çəkib. Fəallar Leyla Yunusa 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik çatdırıb.

Leyla və Arif Yunus çoxsaylı xəstəliklərdən əziyyət çəkir. Onlar müalicəyə ciddi ehtiyac duyduqlarını bildirib.

Yunuslar bu gün xatirələrlə yaşayır. Onlar Stalin rejiminin qurbanları olan və İkinci Dünya Müharibəsi cəbhəsində vuruşan yaxınlarının xatirələrini vərəqələyir.

“Biz babalarımızın hansı çətinliklərdən keçdiyini görüb öz həyatımız üçün təsəlli tapırıq”, Leyla Yunus bildirib.

Leyla və Arif Yunuslar 2014-cü il iyul-avqust aylarında həbs edilib. 2015-ci ilin avqustunda Leyla Yunus iqtisadi cinayətlərdə suçlu bilinərək əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Sonradan Leyla Yunus barəsində təyin olunan həbs cəzası 5 il sınaq müddəti, Arif Yunus barəsində isə cəza 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Leyla Yunusun Amerikanın Səsinə müsahibəsini təqdim edirik:

Amerikanın Səsi: Həbsdən sonra səhhətiniz necədir? Necə yaşayırsınız?

Leyla Yunus: Səhhətimiz çox pisdir. Əlbəttə yaxşı ki, indi biz evdəyik. Qazamatda indi biz sağlam olmaycaqdıq, öləcəkdik. Arifin qan təzyiqi o günü, məhkəmə günü (martın 4-də-red) qalxıb-düşürdü. Səhərdən başlayaraq qan təzyiqi 230-100 nisbətində oldu. Bax belə, ürəyi belədir. Mən də həmişəki kimi, yəni səhhətimiz yaxşı deyil və bu əsas problemdir. Nə ilə yaşayırıq, necə yaşayırıq? Biz ikimiz də tarixçiyik. İndi bizim imkanımız var ailəmizin tarixinə qayıdaq. Otağımızda hər şeyi görürsünüz, biz yazırdıq, vaxtımız yox idi. Ancaq indi ailə şəkillərini bir-bir diqqətə gətiririk. Bu mənim nənəmin atasıdır (o fotonu nümayiş etdirir), yoldaşıdır, nənəmdir, qardaşıdır. Bu da mənim dayımın müharibədən məktublarıdır (o dayısının İkinci Dünya Müharibəsi cəbhəsindən göndərdiyi üçkünc məktubları nümayiş etdirir). Onları oxuyuruq. Görürük onlar necə yaşayıb? Bu ailədən heç kim sağ qalmayıb. Stalin vaxtı hamısını güllələyiblər. Dayım isə müharibədən qayıtmayıb. Biz indi bunlarla yaşayırıq. Bunlar bizə yaşamaq üçün qüvvə verir.

Amerikanın Səsi: Qızınızla nə vaxtdır görüşmürsünüz. Görüşmək istərdinizmi?

Leyla Yunus: Mənim ən yaralı yerimdir. Çünki artıq neçə vaxtdır qızımızla görüşmürük. Çünki böyük psixoloji drama idi ki, bizsiz qaldı. Fikirləşirdim ki, bu qız mənim işimin qurbanıdır. Ancaq indi gördüm ki, o bizimlə bir yerdədəir. Biz Ariflə həmişə tarixlə danışırıq. Biz indi hər gün Skpye ilə uşaqla danışırıq. Arifdən soruşuram? Biz indi hara çatdıq? 1942-ci ildir, yoxsa artıq 1944-ci ildir. Birdən qızım deyir, “mama allah qoysa 1945-ci ilin yanvarın 27-nə kimi yaşayarıq, o günü görərik” (1945-ci il yanvarın 27-də Sovet Ordusu Osventsim konslagerini faşistlərdən azad edib. Bu nəzərdə tutulur-red).

Amerikanın Səsi: Ölüm düşərgəsini yada salır?

Leyla Yunus: Nəyi yada salır, o bilir və mən bilirəm. Hamıya deyirəm ki, mənə qızım arzuladı ki, 1945-ci ilin 27 yanvarını görüm. Mən bütün dostlarıma, azadlıq arzusu ilə yaşayanlara da arzulayıram ki, 27 yanvar 1945-ci ilə kimi yaşayaq. O günü görək.

Amerikanın Səsi: Sizin müalicənizlə bağlı vəziyyət nə yerdədir?Müalicə üçün xaricə buraxmırlar?

Leyla Yunus: Yox, buraxmırlar.

Amerikanın Səsi: Səbəbi nədir?

Leyla Yunus: Mən də bilmirəm. Həkim hər şeyi yazıb. Təcili operasiya (əməliyyat-red) olunmalıyam. Arif xəstəxanada yatmalıdır. Bu sualın cavabı məndə yoxdur.

Amerikanın Səsi: İctimaiyyətə, hökumətə sözünüz varmı?

Leyla Yunus: Əsas məsələ odur ki, cəmiyyətdə inkişaf olsun. Kitab oxusunlar. Tarixi oxusunlar. O adamlar, hansı ki, onların səviyyəsi var, onları aşağı səviyyəyə endirmək çox çətindir. O vaxt ki, cəmiyyətdə səviyyə yüksək deyil, deməli inklişaf yoxdur. Təhsil yoxdursa, o cəmiyyətin axırı çox pis olur.

Amerikanın Səsi: Arif bəyin səhhəti ilə bağlı nə deyə bilərsiniz?

Leyla Yunus: Arifin səhhəti çox çətindir. Biz demək olar ki, hər gecə yata bilmirik. Çünki onun ürəyi pisləşir. Onun qan təzyiqi artır. O da qorxur, mən də, Dinara da qorxuruq ki, əgər Arif birdən öldü, biz necə qalacağıq. Çünki həkim də yazıb ki, qan təzyiqi artıb, nəbz aşağı düşürsə, bu çox pis vəziyyətə gətirib çıxara bilər.

Amerikanın Səsi: Bəs burada müalicə almır?

Leyla Yunus: Nə deyim sizə. Biz bu həkimlərə etibar eləmirik və onlar da bizdən çəkinirlər.

Show comments

XS
SM
MD
LG