Accessibility links

Leyla Yunus: Bizi fiziki məhv etmək istəyirlər [Video]


Leyla və Arif Yunusların cinayət işi üzrə hazılrıq iclası olub

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclas yüksək təhlükəsizlik

tədbirləri şəraitində keçirilib. Jurnalistlər və xarici diplomatik missiyaların üzvlərinin çantaları, mobil telefonları və şəxsiyyət vəsiqələri alınıb. Zalın birinci sırasında yerlər məhkəmə icraçıları və penitensiar xidmətin işçiləri tərəfindən tutulub. Zalda səfriliklərin və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 31 nəfər müşahidəçi və 20 nəfərdən çox rəsmi geyimdə olan nəzarətçi olub. Bununla yanaşı, bəzi diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin təmsilçisi məhkəmə zalına daxil ola bilməyib.

Leyla və Arif Yunuslar şüşə kamerada

birgə oturdulub. Bir ilə yaxın ayrılıqda saxlanan Arif və Leyla ilk öncə həyatları ilə bağlı bir-birinə məlumat verir. Onların hər ikisinin sifətində həbsxana iztirabları açıq hiss edilir. Hər ikisi xəstədir. Leyla Yunus həddən artıq arıqlayıb, həbsdən əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. O belini qalın yun odeyalla bağlayıb. Qarın və kürək nahiyyələrində kəskin ağrılarının olduğunu deyir. Ağrıların kəskin iztirabı altında hərdən inildəyir.

Arif Yunusun başının arxa nahiyyəsində böyük şiş görünür. Lela Yunus həyat yoldaşının başında xərçəng yarandığını kağıza yazaraq jurnalistlərə göstərir.

Hüquq müdafiəçisi Almaniya səfirliyinin göndərdiyi qiyməti 40 avro dəyərində olan dərmanın (Harvoni) əks təsir etdiyini zaldakı diplomatların diqqətinəı çatdırır.

“Bu dərman qara ciyərimin parçalanmasının qarşısını almağa kömək edir. Amma, mən dərmanı başqa 6 həblə birgə atmalıyam. Bu zaman isə həmin dərman əks effekt verir”, Yunus qeyd edib.

Vəkil Ramiz Məmmədov

həbsdən öncə Leyla Yunusun qadın xəstəliyindən 6 dəfə və gözlərindən iki dəfə cərrahiyə əməliyyatı keçirdiyini diqqətə çatdırıb. Bu əməliyyatların fəsadları da qalmaqdadır.Yunus həmçinin şəkərli diabetdən və hepatit C xəstəliyindən əziyyət çəkir.

O qeyd edib ki, həbs müddətində L.Yunusu müayinə edən beynəlxalq mütəxəssislər də bunu təsdiqləyiblər.

“Qara ciyərin dağılması prosesini dayandırmaq üçün ona bahalı dərmanlar yazılıb. Bu dərmanları Almanya səfirliyi verir. Bu, onun səhhətinin ciddi olduğunu və həyatına təhlükənin olduğunu göstərir. Mən Leyla Yunusun həbsxanada ölməsini istəmirəm”,vəkil vurğulayıb.

O bildirib ki, Qrant layihələrinin reallaşması qanun pozuntusu ola bilməz. Qanunvericilikdə belə normalar yoxdur. Dövlət qeydiyyatı olmadan qrantların reallaşması qanunsuz sahibkarlıq demək deyil, çünki bu layihələr cəmiyyətə xidmət edib.

Saxta sənədlərlə bağlı

ittihamlara gəlincə, söhbət 2002-ci ildəki epizoddan gedir və bu çoxdankı hadisə hazırda məhkəmədə araşdırıla bilməz.

Həmçinin vəkil dələduzluq və vergidən yayınma ittihamlarının əsassız olduğunu bildirib.

Digər vəkil Elçin Qəmbərov L.Yunusa mənfi münasibət bəsləyən üç şəxsin, həmçinin Çexiyada siyasi sığınacaq alan Mətanət Əzizovanın şahidlər sırasından çıxarılması barədə vəsatət qaldırıb.

Müdafiə tərəfi Azərbaycan Qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin sədri Rəna Səfərəliyevanın zərərçəkən kimi cəlb olunmasının əleyhinə çıxıb. Çünki bu QHT L.Yunusun həbsindən əvvəl ləğv edilib.

Sülh və Demokratiya İnstitutu dövlət qeydiyyatı olmadan həmin QHT ilə əməkdaşlıq şəraitində layihələr həyata keçirib. L.Yunus layihələri idarə edib, L.Səfərəliyevanın etibarnaməsi əsasında bank əməliyyatları həyata keçirib.

Rəna Səfərəliyevanı məhkəmədə

vəkil Şöhrət Allahmanov (o, jurnalist Xədicə İsmayıla qarşı iddia qaldıran Elman Türkoğlunu müdafiə edib) təmsil edir.

Leyla Yunus fasilə zamanı fiziki işgəncələrə məruz qaldığını da jurnalistlərə deyib.

“Bir dəfə ötən il sentyabrın 23-də təcridxanada mayor Yaqubov məni döyüb, sonra dekabrın 11-də başımın arxasından vurublar, bu yaxınlarda iyunun 20-də isə sol gözümdən vurublar, gözüm yaxşı görmür, ağrılarım var. Bizi fiziki məhv etmək istəyirlər”, Leyla Yunus qeyd edib.

Məhkəmə vəkillərin cinayət işinə xitasm verilməsi, Leyla və Arif Yunusun şüşə kameradan çıxardılaraq vəkillərinin yanında oturdulması, ev dustaqlığına və ya girov müqabilində buraxılması ilə bağlı vəsatətlərini təmin etməyib.

Sədrlik edən

məhkəmə prosesinin iyulun 27-də saat 10.00-dabaşlaması barədə qərarı elan edib.

Bu zaman Leyla Yunus söz istəyib və ona söz verilməyib.

“Mən istintaqa və məhkəməyə inanmıram. Siz sifariş yerinə yetirirsiniz”, deyə məhkəməyə etiraz edib.

Hazırlıq iclasını Amerikanın Səsinə şərh edən vəkil Elçin Qəmbərov məhkəmədən müsbət heç nə gözləmədiyini bildirib.

“Məhkəmə vəkillərin vəsatətlərini təmin etmədi. Ağır xəstə olan Leyla Yunus barəsində həbs qətimkan tədbirini dəyişdirmədi”, o qeyd edib.

Vəkil həmçinin Leyla Yunusa qarşı irəli sürülən ittihamların istintaqda sübut olunmadığını deyib.

“Bu səbəbdən də cinayət işinə xitam verilməlidir”, o qeyd edib.

Arif Yunusun vəkili

Əfqan Məmmədov da məhkəmənin vəsatətləri təmin etməməsindən narazıdır.

“Arif Yunusun dələduzluqda ittiham edilməsi absurddur. Arif Yunus heç kimin dələduzluq və ya fırıldaq yolu ilə pulunu əlindən almayıb”, vəkil qeyd edib.

XS
SM
MD
LG