Accessibility links

Leyla və Arif Yunusların kassasiya şikayətinə baxılacaq


Leyla və Arif Yunuslar

Leyla və Arif Yunuslar

Oktyabrın 26-da Ali Məhkəmə hakim Hafiz Nəsibovun sədrliyi ilə hüquq müdafiəçisi Leyla və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusların kassasiya şikayətinə baxacaq. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Kassasiya şikayətlərində cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilir.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər ikisi müalicə olunmaq üçün Hollandiyaya gedib və hazırda da müalicələrini davam etdirirlər.

XS
SM
MD
LG