Accessibility links

Leyla və Arif Yunusların kassasiya şikayətinə baxılması qeyri-müəyyən vaxtadək təxirə salınıb


Azərbaycan Ali Məhkəməsi Leyla və Arif Yunusların kassasiya şikayətinə baxılmasını bu gün qeyri-müəyyən vaxtadək təxirə salıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, məhkəmə buna səbəb kimi prosesə rəhbərlik edəcək hakimlərdən birinin, Əli Seyfəliyevin ezamiyyətdə olmasını əsas gətirib. Məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edir.

Kassasiya şikayətlərində cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilir.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər ikisi müalicə olunmaq üçün Hollandiyaya gedib və hazırda da müalicələrini davam etdirirlər.

XS
SM
MD
LG