Accessibility links

Leyla Yunusa Fransanın Fəxri Legion Kavaleri ordeni təqdim edilib


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Fransanın səfirləri Fransua Zimre və Paskal Monye
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Fransanın səfirləri Fransua Zimre və Paskal Monye

“L.Yunusu xarakterizə edən mərdlik, azadlıq, insan hüquqları uğrunda mübarizəsidir. Və bu da Fransanın dəyərləridir”, Fransanın insan hüquqları və Xolokost faciəsinin beynəlxalq tanınması üzrə səfiri Fransua Zimre bildirib

Mayın 22-də Fransa səfirliyində azərbaycanlı hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun Fransanın Fəxri Legion Kavaleri ordeni ilə təltif olunması mərasimi keçirilib. O, bu mükafata insan hüquqları uğrunda fədakarcasına mübarizəsinə görə layiq görülüb.

L.Yunusa mükafatı Fransanın insan hüquqları və Xolokost faciəsinin beynəlxalq tanınması üzrə səfiri Fransua Zimre təqdim edib.

Fransa səfiri Paskal Monye qeyd edib ki, L.Yunusa Fransanın Fəxri Legion Kavaleri ordeninin verilməsi ölkənsinin həyatını insan hüquqlarına həsr etmiş insanlara münasibətinin göstəricisidir.

O deyib ki, L.Yunus yalnız insan hüquqları uğrunda mübarizə aparmır, həm də qadınların hüquqlarının müdafiəsi, Azərbaycan və erməni xalqları arasında barışın olması üçün çox işlər görür.

P.Monye Fransanın Ermənistanın dostu və Azərbaycanı sevməyən ölkə olması barədə fikirlərin yalnış olduğunu qeyd edib.

“Bu, həqiqətəuyğun deyil”, - o vurğulayıb.

P.Monye Azərbaycanın iqtisadi inkişaf və dinlərarası tolerantlıq sahəsində nailiyyətlərinin Fransa tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

“Biz burada özümüzü Qərb ölkəsindəki kimi hiss edirik. Siz avropalılar kimi bizim dəyərləri bölüşürsünüz”, - o vurğulayıb.

Eyni zamanda səfir Azərbaycan xalqının gözlədiyi siyasi və iqtisadi islahatların Azərbaycan hökuməti tərəfindən həyata keçirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində F.Zimre qeyd edib ki, insan hüquqları xarici siyasətdə mühüm yer tutur və hətta Fransa səfirliklərini “insan haqları evləri” adlandırırlar.

O deyib ki, insan hüquqları nə dövlətlər, nə də diplomatların çıxışları ilə irəliləmir, fədakar insanların sayəsində irəliləyir ki, bəzən bu insanlar öz azaldığını, hətta həyatını belə qurban verməli olur.

“Bu adamların ən yaxşı müdafiəyə ehtiyacı var”, - o bildirib.

L.Yunusun fəaliyyətinə toxunan F.Zimre qeyd edib ki, onun həyatı fundamental azadlıqların müdafiəsinə yönəlib. Onun vətəndaş mövqeyinin formalaşması ailə faciəsinin təsiri ilə baş verib. L.Yunusun babasının üç qardaşı repressiyaya məruz qalıb – ikisi güllələnib, biri sürgündə həlak olub.

F.Zimre Kannda kinofestivalın keçirildiyi bir vaxtda Bakıda Azərbaycan kinematoqrafiyasının özəyində dayananlardan birinin (L.Yunusun babası Teymur Useynov Azərbaycan kino sənətinin inkişafına mühüm töhfə verib, ilk Azərbaycan filmlərinin çəkilişlərini aparıb) nəvəsinə Fransa ordeninin verilməsinin də rəmzi məna daşıdığını qeyd edib.

Sonra F.Zimre deyib ki, L.Yunus SSRİ dönəmində tarixçi kimi çalışdığı 25 il ərzində dissident jurnalistika ilə məşğul olub, yenidənqurmanın başlanması ilə demokratik hərəkatda iştirak edib.

“L.Yunusu xarakterizə edən mərdlik, azadlıq, insan hüquqları uğrunda mübarizəsidir. Və bu da Fransanın dəyərləridir”, - F.Zümre vurğulayıb.

“Bu yüksək mükafat insan hüquqları və demokratiya uğrunda yalnız mübarizəmə dəstək deyil. Bu, anlayışa və yardıma ehtiyacı olan demokratik cəmiyyətimizə böyük dəstəkdir”, - L.Yunus öz çıxışında bildirib.

O təəssüflə qeyd edib ki, Sovet imperiyasına qarşı mübarizənin başlanmasından və onun süqutundan 25 il keçsə də Azərbaycanda hələ də demokratik cəmiyyət qurulmayıb.

“Meydana yeni nəsil gənclər gəlir və onların hansı amansız repressiyalara məruz qaldıqlarını görmək mənim üçün çox ağırdır və həm də onların bu rejimə qarşı necə mərdliklə dayandığını görməkdən qürur duyuram”, - o vurğulayıb.

L.Yunus həbsdə olan gənclər, həbsxanalarda işgəncələrə məruz qalan və ya istintaq altında olan, daim inzibati həbslərə məruz qalan fəallar barədə ətraflı məlumat verib.

“İş elə gətirib ki, Azərbaycanın müasir tarixində mübarizənin ağırlığı sizin çiyinlərinizə düşür. İnanıram ki, siz demokratik hüquqi Azərbaycanda yaşayacaqsınız”, - L.Yunus gənc fəallara müraciət edib.

O, demək olar ki, hər gün Azərbaycanda yeni həbslərin olduğunu qeyd edib, vicdan məhbuslarının sayının 80-i ötdüyünü nəzərə çatdırıb.

L.Yunus həbsxanada əziyyət çəkən həmfikirlərinə yardım göstərməyin mümkün olmamasını ən ağır hiss adlandırıb. Hüquq müdafiəçisi “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun taleyini xüsusilə qeyd edib. Belə ki, H.Məmmədov L.Yunusa yazdığı məktubların birində onu da öz sələfi, həbsdə ölən Novruzəli Məmmədovun taleyinin gözlədiyindən narahatlıq keçirdiyini bildirib.

L.Yunus H.Məmmədovun fotosunu F.Zimreyə təqdim edərək deyib:

“Qoy, bu, Azərbaycanda nələrin baş verdiyini, köməksiz durumda qalmağın necə dəhşətli olduğunu sizə xatırlatsın”.

Tədbirdə Azərbaycanın demokratik ictimaiyyətinin nümayəndələri ilə yanaşı Bakıda səfərdə olan AŞ insan hüquqları komissarı Nils Muyjnieks, ABŞ səfiri Riçard Morninqstar, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay, digər diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Fəxri Lgion ordeni Fransanın və dünyanın ən nüfuzlu dövlət mükafatlarından biridir. Bu, ölkə prezidenti tərəfindən ikitərəfli münasibətlərin inkişafında, sülh işinə töhfə, mədəniyyətin, elmin inkişafındakı xidmətlərə, demokratiya və insan hüquqlarının müdafiəsinə görə verilir.
XS
SM
MD
LG