Accessibility links

Leyla Yunusun saxlanmasını müxalif siyasi liderlər kəskin tənqid edib (mövqelər)


Leyla Yunus

Leyla Yunus

Cəmil Həsənli, Əli Kərimli və Rüstəm İbrahimbəyov hüquq müdafiəçisinin saxlanması “hakimiyyətin qisası” kimi dəyərləndirir

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşının Bakı hava limanında saxlanması tənqidlərlə qarşılanıb. Ölkənin aparıcı müxalifət liderləri hüquq müdafiəçisinin saxlanmasını cəmiyyətə hörmətsizlik kimi qiymətləndirir.

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun saxlanılmasını, vəkil olmadan əşyalarında axtarış aparılmasını, onlara qarşı təzyiqi, qanunvericilik normalarını pozmaqla mənzillərində axtarış həyata keçirmək cəhdlərini və A.Yunusun hipertoniya böhranına çatdırılmasını qətiyyətlə pisləyir.

“Baş verənlər gözlənilən idi. Milli Şuranın bəyanatında hadisələrin belə inkişafı ehtimalı proqnozlaşdırılmışdı”, deyə Həsənli qeyd edib.

Yunusların başına gələnlər Konstitusiya və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla bir araya sığmır.

“Leyla Yunus fədakar hüquq müdafiəçisidir. Uzun illərdir, o, siyasi motivlərlə təqib olunan şəxslərin hüquqlarını ardıcıl müdafiə edir. O, öz vicdanını satmayan və ədalətsizliyə qarşı uzun mübarizə yolu keçən azsaylı insanlardan biridir”, o bildirib.

Həsənli hesab edir ki, Yunus hüquq-müdafiə fəaliyyətinə və DQMŞ Koordinasiya Şurasında üzvlüyünə görə təqib edilir.
“Martın 3-də AXCP ofisi partladıldıqdan sonra Koordinasiya Şurasının iclasları Rövşən Əhmədlinin rəhbərlik etdiyi QHT-nin ofisində keçirilirdi. Lakin məkan sahibi onunla icarə müqaviləsini ləğv edib. Bundan sonra DQMŞ KŞ-nin iclasları SDİ-nin ofisində keçirilirdi. Biz artıq yarı zarafat – yarı ciddi hakimiyyətin bu ofisi də abadlaşdırma bəhanəsi ilə sökəcəyini proqnozlaşdırırdıq. Amma görünür, biz səhv etmişik, hakimiyyət daha ağır yol seçərək, Leyla Yunusu dövlətə xəyanətdə ittiham etməyə cəhd edib”, deyə DQMŞ-nin sədri qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
Hesab edir ki, Azərbaycan hakimiyyəti “maskalarını çıxarıb”. Açıq şəkildə, bağıra-bağıra deyirlər ki, heç bir keçilməyən qırmızı xətt tanımırlar.

”Hakimiyyət Leyla Yunusu saxlamaqla, ona qarşı edilən əxlaqsızlıqla nəinki qanunları, həm də hər zaman arxasında gizləndiyi, sui-istifadə etdiyi milli mentalitetimizi ayaqladı. Bir daha hamımıza bəyan etdilər ki, onlar üçün müqəddəs heç nə yoxdur. Leyla xanımdan açıq-aşkar qisas alırlar. Evi sökülənləri, siyasi məhbusları qorxmadan müdafiə etdiyi üçün ondan qisas alırlar. Onu repressiyaya məruz qoymaqla, digərlərini də qorxutmaq və beləliklə, ölkədə bütövlükdə hüquq müdafiəçisi institunu sıradan çıxarmaq istəyirlər”, o qeyd edib.

Kərimli qrəb dövlətlərinin mövqeyini də tənqid edir.
”Rusiya bölgədə aranı qatıb, bunların nefti, qazı yenə də Qərb üçün önəmli olub. Müvəqqəti əllərinə düşmüş bu fürsətdən istifadə edib, demokratik düşərgəni zəiflətmək istəyirlər. Amma alınmır və alınmayacaq. İctimai-siyasi fəalları qorxutmaq onsuz da mümkün olmur. Onlar kiminlə mübarizə apardıqlarını da, nə uğrunda mübarizə apardıqlarını da yaxşı bilirlər.

Görün, 13 gündür aclıq edən 8 nəfər NİDA-çı gənc hansı cəsarətlə mübarizəni davam etdirir. Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Tale Bağırzadə, Abgül Süleymanov, Yadigar Sadıqlı və daha neçə nəfər siyasi məhbus həbsxanada belə, mübarizələrini davam etdirirlər. Leyla xanımı da qorxuda bilməyəcəksiniz. Amma əvəzində bu həbslərlə hökumətinizi bütün dünyada rüsvay etmisiniz. Azərbaycan xalqının, hətta “mən siyasətə qarışmıram” deyən kəsimin də gözündən düşürsünüz”, AXCP sədri bildirib.

Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri, nüfuzlu kinodramaturq Rüstəm İbrahimbəyov deyerler.org hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı ilə birlikdə saxlanılmasını “dəhşətli hadisə” adlandırıb.

“Azərbaycan avtoritarizmdən totalitarizmə keçir. Hökumət, iqtidar cəmiyyəti məhv edir. Hakimiyyət ölkədə az da olsa, qalan ictimai rəyi məhv etməyi qarşısına məqsəd qoyub. Leyla Yunus və Arif Yunus ən dəyərli, ən hörmətli ziyalılardandır. Neçə illərdir biz onların fəaliyyətlərini izləyirik. Leyla Yunus Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsi sahəsində liderdir. Onları belə vəziyyətə salmaq açıq-aşkar cinayətdir. Bu səhnələr dünyanın istənilən yerindən baxıldıqda həyacan və nifrət yaradır”, İbrahimbəyov bildirib.
XS
SM
MD
LG