Accessibility links

Baş Prokurorluq və MTN Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus

Leyla və Arif Yunuslar ittihamları absurd və siyasi sifariş sayır

Azərbaycan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Mirqədirov Raufun 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan 19 aprel 2014-cü ildə o cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 21 aprel 2014-cü ildə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Yunusova Leyla Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David, Baqdasaryan Laura və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin may ayına kimi olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arifin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Raufun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib.

Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçirib.

Eyni zamanda Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycana qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altında olan torpaqların azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıb.

Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.

Bundan başqa Yunusova Leyla hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 27 mart 1996-cı ildə alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının 21 noyabr 2002-ci ildə “Unibank” açıq səhmdar cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə ABŞ-ın Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167.199 manat, 620.878 ABŞ dolları, 263.745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib “Mühasibat üçotu haqqında” Azərbaycan Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdılaşdırmış və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526.943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369.378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Eyni zamanda Leyla Yunusova ABŞ-ın Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” açıq səhmdar cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71.000 ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78.130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 24 aprel 2014-cü ildə hesablarından çıxarıb əri Arif Yunusov ilə əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.

Göstərilən xüsusatlar üzrə dindirilmələr üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 25 iyul 2014-cü ildə Azərbaycan Cinayət Prtosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib.

Leyla Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, Arif Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü ildə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, Leyla Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Arif Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Leyla Yunusova və Arif Yunusovun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hüquqi yardım almaq, müdafiə və sair hüquqları təmin edilib onların hüquqları özlərinin dəvət etdiyi vəkillər tərəfindən müdafiə olunmaqla istintaq hərəkətlərinin icrası və prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməyib.

Öz növbəsində, Leyla və Arif Yunuslar ittihamları absurd və siyasi sifariş adlandırır. Onlar özlərini təqsirli bilmir və həbsi Leyla Yunusun hökuməti sərt tənqidləri ilə əlaqələndirir.

XS
SM
MD
LG