Accessibility links

Penitensiar Xidmət bunu təkzib edir və Leyla Yunusun tibbi xidmətlə təmin edildiyini bildirir

Artıq ikinci həftədir Bakı istintaq təcridxanasında saxlanılan şəkərli diabet xəstəsi olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib.

O, bu barədə dostlarına xəbər verib. Vətəndaş cəmiyyəti fəalı, həkim Azad İsazadənin Turana verdiyi məlumata görə, Leyla Yunusa ağrıkəsici iynələr vururlar.

Yunus həmçinin bildirib ki, Qırmızı Xaç Komitəsinin əməkdaşları ona baş çəkib. Bununla belə, prokurorluq hələ də Leyla və Arif Yunusların dostlarının onlara bağlama ötürməyə icazə vermək xahişinə cavab verməyib. Belə ki, Azərbaycanda bu ailənin üzvlərindən azadlıqda olan heç kim yoxdur.

Xatırladaq ki, Yunuslar Ermənistanın xeyrinə casusluqda və digər cinayətləri törətməkdə ittiham edilərək həbs ediliblər.

Lakin Leyla və Arif Yunuslar ittihamları qəbul etmir, siyasi sifariş adlandırır. Amnesty İnternational onları “vicdan məhbusu” elan edib.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusun saxlanma şəraiti ilə bağlı bildirir ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyildir. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir.

Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədirlər.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən Leyla Yunusun tibbi müayinədən keçirilməsi təmin edilib.

12 avqustda Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə Leyla Yunusa baş çəkmələri üçün şərait yaradılıb. BQXK əməkdaşları tərəfindən həmin şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisə rəhbərliyinə heç bir irad bildirilməyib.

XS
SM
MD
LG