Accessibility links

Almaniyanın Charite xəstəxanasının şöbə müdiri Leyla Yunusu müayinə edib


Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədi ilə Almaniyanın tanınmış Charite xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Dr. Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professor Murad Məmmədov, professor Gəray Gəraybəyli, professor Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi - qanın laborator analizi, qarın boşluğu, kiçik çanaq orqanlarının və qalxanvarı vəzinin müayinəsi, yuxu arteriyalarının, vertebral arteriyaların və aşağı ətraf arteriyalarının doppler USM müayinəsi, döş qəfəsi orqanlarının, baş beynin və tam qarın boşluğunun kompüter tomoqrafiyası, EKQ, EXO-kg, ürəyin exoqrafiyası həyata keçirilib, oftolmoloqun, nevropatoloqun və onkoloqun konsultasiyası aparılıb. Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin video çəkilişi aparılıb. Dr. Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik və etik standartlara uyğun aparıldığını təsdiq edib.

Penitensiar Xidmət bildirir ki, aparılmış müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusovanın həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərib, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq edib.

Hüquq müdafiəçisi Leyla Yunus 2014-cü il iyulun 31-də həbs edilib. Avqustun 5-də isə onun həyat yoldaşı tarixçi alim Arif Yunus həbs edilib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir. Arif Yunusa qarşı da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələrilə ittiham irəli sürülüb.

Leyla və Arif Yunuslar ittihamları sifariş hesab edir və beynəlxalq təşkilatlar onları "vicdan məhbusu" elan edib.

Vəkillər Leyla Yunusun təcridxanada dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qaldığını bildirib. Həmçinin Leyla Yunusun səhhətinin çox ağır olduğu, onun hətta yeriməkdə çətinlik çəkdiyi barədə məlumatlar yayılıb.

XS
SM
MD
LG