Accessibility links

Beynəlxalq Observatoriya: Leyla Yunusa qarşı pis rəftara son qoyulsun


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Hüquq Müdafiəçilərinin Qorunması üzrə Beynəlxalq Observatoriya (The Observatory for the Protection of Human Rights Defenders ) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin daha 5 ay uzadılmasından narahatdır.

Təşkilatın fevralın 18-də yaydığı bəyanatda deyilir ki, məhkəmə hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun da həbs qətimkan tədbirini artıracaq.

“Azərbaycanda hakimiyyət orqanlarını Leyla və Arif Yunusların, eləcə də digər həbs olunan hüquq müdafiəçilərinin dərhal tibbi yardım almasının təmin edilməsinə, onların qeyd-şərtsiz azad edilməsinə, məhkəmə və istintaq səviyyələrində, o cümlədən hər hansı bir təcavüzə və Leyla Ynuusa qarşı pis rəftara son qoymağa çağırırıq”, sənəddə qeyd edilir.

Bəyanatda 9 dekabr 1998-ci il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən İnsan Hüquqları Müdafiəçilərinə dair BMT bəyannaməsinin müddəalarına istinad edərək bir daha Azərbaycan hökumətini buna əməl etməyə çağırır.

Fevralın 17-də Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətini daha 5 ay uzadıb. İndi həbs müddəti iyulun 28-dək uzadılıb.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs edilib. O, dövlətə xəyanətdə və bir sıra iqtisadi cinayətlər törətməkdə ittiham olunur. L.Yunus ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational L.Yunusu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG