Accessibility links

İlham Şaban: Türkmənistan qazının Azərbaycan ərazisindən tranziti ilə bağlı problem yoxdur


İlham Şaban: Türkmənistan qazının Azərbaycan ərazisindən tranziti ilə bağlı problem yoxdur

İlham Şaban: Türkmənistan qazının Azərbaycan ərazisindən tranziti ilə bağlı problem yoxdur

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın Amerikanın Səsi radiosuna müsahibəsində ideyanın gerçəkləşdirilməsinin problemli məsələ olduğunu deyir

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycan və Türkmənistana səfəri, Nabucco layihəsi ilə bağlı aparılacaq danışıqlar və layihənin gələcək perspektivlərindən danışıb.

Sual: Avropa Komissiyasının prezidentinin Azərbaycana səfərinin əsas məqsədləri nədir?

Cavab: Səfər zamanı Azərbaycan və Türkmənistanla Cənub qaz dəhlizi haqqında birgə bəyannamələr imzalanacaq. Bu, artıq Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyində Azərbaycan və Türkmənistanın enerji mənbələrindən istifadənin gündəmə gətirilməsidir.

Sual: Hazırki anda Azərbaycan və Türkmənistanın enerji resurslarından birgə istifadə mümkündürmü?

Cavab: Bu, təbii ki, indiki anda mümkün deyil. Ona görə ki, hazırda Azərbaycan Avropaya veriləcək həcmdə qaz hasil etmir. Bu resurs yaxşı halda, 2017-ci ilin birinci rübündə gündəmə gələcək. Burada söhbət “Şahdəniz-2” layihəsi çərçvəsində qazın Avropa bazarına çıxarılmasından gedir.

Sual: Türkmənistan qazının Avropaya çatdırılmasının gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

Cavab: Son zamanlar Türkmənistan tərəfinin mövqeyində pozitiv məqamlar çoxalıb. Ötən il noyabrın 18-də Xəzəryanı dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısında Türkmənistan prezidenti bəyan etdi ki, transxəzər boru kəməri çəkilərsə, bu ərazi sularından keçəcək dövlətlərin daxili işidir. Bundan əlavə, Türkmənistan hökuməti həm ötən ilin dekabrında, həm də iki gün öncə bəyan edib ki, bu ölkə çoxşaxəli qaz kəmərləri siyasətinin bir hissəsini həyata keçirib. Onun Rusiyaya, İrana və Çinə doğru qaz ixracı var və Avropanın qaz təchizatında iştirakda da maraqlıdır. Bundan əlavə, Türkmənistan prezidenti iki il öncə Brüsselə səfəri zamanı Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Orada Türkmənistan ildə 10 milyard kubmetr qazın Avropa bazarında satılması barədə fikri gündəliyə gətirib. Göründüyü kimi, Türkmənistanın Avropada qaz satmağa meyli var. Azərbaycan isə çoxşaxəli qaz ixracatında maraqlı olduğunu bir qayda olaraq daim bəyan edir. Azərbaycan həm də xam neftini Avropa bazarlaına çıxarmaqla Avropanın enerji təhlükəsizliyində iştirak edir. Bundan sonra isə mavi yanacağını birbaşa Avropa bazarına çıxara bilər. Eyni zamanda, Azərbaycan Türkmənistan qazının ölkə ərazisindən keçməklə Avropa bazarına çıxarılmasına heç zaman etiraz etməyib.

Türkmənistan prezidentinin 2008-ci ilin mayında Bakıya səfəri zamanı iki ölkə arasında imzalanmış memorandumda hər iki ölkənin enerji resurslarının tranzitinə dair bənd var. Faktiki olaraq, Türkmənistan qazının tranziti ilə bağlı problem yoxdur. Ancaq, bu ideyanın reallaşdırılması problemli məsələdir.

Sual: Avropa Komissiyasının prezidenti 2011-ci ili Nabucco ili adlandırıb. Bu layihənin reallaşdırılması üçün siyasi, iqtisadi və biznes mühiti varmı? Qazı alacaq dövlətlərlə sazişlər bağlanıbmı, layihələşdirici şirkətlər müəyyən edilibmi və siyasi reallıqlar varmı? Çünki, İran Xəzərin hüquqi statusu müəyyən edilmədən dənizdə layihələrin reallaşdırılmasının əleyhinə çıxış edir?

Sual: İran faktorunu nəzərə almaq vacibdir. Çünki, Azərbaycan və Türkmənistan Xəzər regionunda böyük gücə malik ölkələr deyil. Regionda çox iddialı, həm də nəinki nüfuzla bağlı, eyni zamanda enerji resurslarının bazarlarına çıxışı ilə bağlı çox iddialı olan Rusiya və İran var. Yada salaq ki, hələ ötən ilin sentyabrında Azərbaycan qazının Avropaya çıxışı ilə bağlı Azərbaycan-Gürcüstan-Rumıniya memorandum (AGRİ) imzalayanda və Nabucco-ya yönəli münasibət göstərəndə Rusiya çox qıcıqlandırıcı münasibət göstərdi. Rusiyanın Baş naziri Vladimir Putin dəfələrlə bəyan edib ki, Nabucco üçün Azərbaycan qazı yetərli deyil və Türkmənistanın Xəzərin hüquqi statusu müəyyən edilənədək bu layihəyə qoşulması real deyil. Bununla yanaşı, ötən il İtaliyanın ENİ şirkəti maraqlı təkliflə çıxış edib. Xəzərin hüquqi statusu müəyyən edilmədən Xəzər vasitəsi ilə tankerlərlə ildə 7 milyard kubmetr Türkmənistan qazının Avropaya çatdırılmasını nəzərdən keçirməyin mümkünlüyünü araşdırmaq olar.

Xatırlayaq ki, bir zamanlar Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınması məsələsi hətta, ekspertlər səviyyəsində nəzəri baxımdan belə müzakirə mövzusu deyildi. Ancaq, hazırda bu reallıqdır və artıq 1,3 milyon ton Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsi ilə daşınır.

İndiki anda Nabucco layihəsinin ən problemli cəhəti odur ki, nə qaz istehsalçıları, nə də qaz istehlakçıları ilə uzunmüddətli alqı-satqı barədə müzakirələr belə aparılmayıb. Bu baxımdam da layihəni maliyyələşdirəcək şirkətlər və maliyyə qurumları belə iri kapitalyönümlü layihəyə kredit ayırmağa çox maraq göstərmir. Çünki, onun geri qaytarılması çox uzun müddət tələb edir. Başqa tərəfdən, layihənin qiymətləndirilməsi lazımdır. İndiyədək Nabucconun qiymətinin 7,9 milyard avro olacağı deyilib. Bu hesablamalar 2006-cı ilin qiymətləri ilə aparılıb. Son 5 ildə dünyada çox qiymətlər dəyişib. Bu gün BP şirkəti Bakı-Tbilisi-Ərzurum kəmərinə paralel çəkiləcək kəmərin ancaq Azərbaycan ərazisində tikiləcək 400 kilomertlik hissəsini 3 milyard dollar səviyyəsində qiymətləndirir. Nabucco-nun dəyərini bu günki qiymətlərlə hesablasaq ümumi məbləğ 12-13 milyard avroyadək yüksəlir.

XS
SM
MD
LG