Accessibility links

İlham Əliyev: Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlıq həyata keçirilir


İlham Əliyev: Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlıq həyata keçirilir

İlham Əliyev: Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlıq həyata keçirilir

İran İslam Şurasının sədri Əli Laricaninin Azərbaycana səfəri davam edir. O byu gün prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasuizadə ilə görüşlər keçirib.

İran İslam Şurasının sədri Əli Laricaninin Azərbaycana səfəri davam edir. O bu gün prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşlər keçirib.

Prezident Əliyev iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndiyini vurğulayıb. “Bu əlaqələr iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verir. Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlıq həyata keçirilir.

Siyasi sahədə əlaqələr güclənib, iqtisadi sahədə yaxşı nəticələr əldə olunub, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələr icra edilib və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etmək zəruridir”.
Dövlət başçısı mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu da bildirib.

Prezident hesab edir ki, Azərbaycan-İran əlaqələri, həm də bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. “Parlamentlərarası əməkdaşlıq da yaxşı səviyyədədir və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər zəruridir”.
Əli Laricani İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu bildirib.

“İran ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var”, - deyə o qeyd edib.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, qərb dövlətlərinin və BMT-nin sanksiyalarına baxmayaraq Azərbaycan-iran münasibətləri normaldır. “İran Azərbaycanın böyük sərhəddə malik olduğu qonşularından biridir. İranla Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələr var. Bu əlaqələrdə həmçinin İranda yaşayan çoxmilyonlu azərbaycanlı faktoru da mühüm rol oynayır”.

Politoloq İranın Xəzər dənizinin 20 faizinə iddia etməsi və bu sahəyə nəzarət etməsi ilə bağlı bəyanatlarını real saymır. “İranın Bakı-Tbilis-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri reallaşdırılarkən də belə bəyanatlarla çıxış edirdi. Amma, kəmərlər çəkildi. Hazırda Transxəzər qaz kəməri ətrafında bəyanatlar səslənərkən İran yenidən eyni bəyanatları səsləndirir. Bu bəyanatlar Azərbaycana deyil Amerika və qərb dövlətlərinə ünvanlanır”, - deyə o qeyd edib.

Cənab Sadıqov İranda yaşayan azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsini də vacib sayır. “Xalqlar arasındakı münasibətlərin əsasını İranda yaşayan xalqların əksəriyyətini təşkil edən azərbaycanlıların dil, ana dilində məktəb, media sahəsində hüquqlarının təmin edilməsi təşkil etməlidir. Eyni zamanda, azərbaycanlılar da öz hüquqlarının bərpası uğrunda dinc mübarizəni davam etdirməlidir”, - deyə politoloq qeyd edib.

XS
SM
MD
LG