Accessibility links

İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi həllini vahid Azərbaycan dövləti çərçivəsində muxtariyyət statusu ilə tapmalıdır


İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi həllini vahid Azərbaycan dövləti çərçivəsində muxtariyyət statusu ilə tapmalıdır
İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi həllini vahid Azərbaycan dövləti çərçivəsində muxtariyyət statusu ilə tapmalıdır

Prezident deyib ki, Ermənistan tərəfi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz icra etməlidir, işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və sabitlik yarana bilər. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir.

Prezident İlham Əliyev Novruz bayramı şənliklərində iştirakı zamanı ictimaiyyət qarşısında çıxışında “ölkə qarşısında duran vəzifələrdən ən başlıcası Ermənistan-Azərbaycan münaqişəsinin həllidir”, - deyə bildirib.

Onun dediyinə görə, Azərbaycan həm danışıqlar prosesində konstruktivlik göstərir, eyni zamanda, ölkənin güclənməsi və regionda təsir dairəsinin genişləndirir və mövqeyini daha da gücləndirir. “Hamımız yaxşı bilirik ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyir. Hüquqi cəhətdən bu məsələ ilə bağlı həll yolları hamımız üçün aydındır. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Məsələnin başqa həll variantı yoxdur və mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz çalışırıq ki, bunu sülh yolu ilə həll edək”.

Dövlət başçısı eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstərildiyini bildirib. “Bəzi hallarda bu, bəzi xarici dairələri narahat edir. Hesab edirəm ki, narahatçılığa heç bir əsas yoxdur. Əgər məsələ öz həllini sülh yolu ilə taparsa əlbəttə ki, hərbi variantdan söhbət gedə bilməz. Ancaq artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan vətəndaşları bu işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkirlər. Bu gün güclənən Azərbaycan tam əmindir ki, bu məsələ istənilən yolla öz həllini tapa bilər. Ordu quruculuğumuza göstərdiyimiz diqqət, hərbi xərclərin artırılması, yeni hərbi texnikanın Azərbaycanda istehsal olunması əlbəttə, məsələnin ədalətli həlli üçün hesab edirəm ki, əlavə imkanlar yaradacaqdır. Bu gün Azərbaycanda ən müasir döyüş texnikası istehsal olunur. Artan iqtisadi imkanlarımız, enerji layihələrinin icrası nəticəsində əldə ediləcək əlavə gəlirlər əlbəttə ki, Azərbaycanı bu cəhətdən daha da gücləndirəcəkdir”.

Prezident bir daha ümid etdiyini bildirib ki, məsələ həllini sülh yolu ilə tapa bilər. “Bunu etmək üçün sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz icra etməlidir, işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və sabitlik yarana bilər. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir. Hamı yaxşı bilir ki, bu təhlükəni biz yaratmamışıq və bu münaqişədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir. Mən ümid edirəm və əminəm ki, məsələ öz həllini tapacaq, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu məsələnin həlli üçün başqa yol yoxdur, ola da bilməz. Azərbaycan xalqı və Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir. Dağlıq Qarabağda hazırda yaşayan insanlar və oraya mütləq qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Bu, dünya praktikasında bəlli olan yanaşmadır və bütün məsələlər vahid Azərbaycan dövləti çərçivəsində öz həllini muxtariyyət statusu ilə tapmalıdır. Bir də demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən dönməyəcəkdir”, - deyə prezident bəyan edib.

XS
SM
MD
LG