Accessibility links

Əli Həsənov: Hazırda Azərbaycan üçün 907-ci düzəlişin aktuallığı yoxdur


Şöbə müdiri Avropa Yayım Birliyinə Azərbaycana təsir göstərməsi üçün təzyiq edildiyini bildirib.

Son zamanlar bir sıra qərb mətbuatı Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi plüralizm olmayan, insan hüquqlarının pozulduğu, mətbuat və söz azadlığının təzyiqlər altında olduğu barədə rəy yaradırlar. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində bildirib.

O, mayın 2-də Cenevrədə Avropa Yayım Birliyinin təşəbbüsü ilə Azərbaycanda söz azadlığının durumu ilə bağlı keçirilən müzakirələrə işarə edərək deyib ki, Avropa Yayım Birliyinə çox ciddi təzyiqlər var ki, Azərbaycana təzyiq göstərsin. Şöbə müdirinin fikrincə, bəzi qüvvələr istəyir ki, Azərbaycana təzyiq göstərərək, bu və digər məsələlərdə Azərbaycanı güzəştə sövq etsin. “Cenevrədə çıxışlarım zamanı mən onları inandırmağa çalışdım ki, Azərbaycanda söz-mətbuat azadlığının, vətəndaş cəmiyyətinin, insan hüquqlarının durumu Avropa ölkələrinin heç birindən geri qalmır. Lakin bəzi hallar var ki, onlardan heç bir cəmiyyət sığortalanmayıb. Belə hallara qarşı Azərbaycan hakimiyyəti qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır”.
Cənab Həsənovun fikrincə, Cenevrədə ümumi qənaət ondan ibarətdir ki, “Eurovision”un Azərbaycanda keçirilməsi siyasiləşdirilməməli və müsabiqə hansısa proseslərə bağlanmadan keçirilməlidir. “Azərbaycan hakimiyyəti də söz verir ki, ölkəyə gələn bütün jurnalistlərə şərait yaradacaq. Burada söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək, jurnalistlərin peşəkarlaşması istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.

Şöbə müdiri bildirib ki, Azərbaycan 20 ilə yaxındır ki, ABŞ-ın siyasət planlaşdırma mərkəzlərinə və dövlət siyasətini həyata keçirən bütün instansiyalara, başda Amerika prezidenti, Senat və digər qurumlar olmaqla, çatdırmaq istəyir ki, 907-ci düzəliş məsələsində ölkəsinin haqqı pozulub. “907-ci düzəliş ədalətsiz bir qərardır”.
Onun fikrincə, Azərbaycan bu qərara layiq deyil. “Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır. Ötən dövr ərzində fəaliyyətimizlə sübut etmişik ki, bu qərar sözün həqiqi mənasında ədalətsiz qəbul olunub. Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan öz-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasındakı məsafəni işğal edən Ermənistandır”.
Əli Həsənov hesab edir ki, hazırda Azərbaycan üçün 907-ci düzəlişin aktuallığı yoxdur. “Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna heç ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ ilə bərabər hüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasət planlaşdırma mərkəzləri hesab etsələr ki, düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur”, - o qeyd edib.

Şöbə müdiri Amerikanın Səsi radiosunun müxalifətin mtinq taktikası ilə bağlı sualının cavabında deyib ki, onun dövlət məmuru kimi müxalifətin bu və ya digər qərarını dəyərləndirməsi yaxşı hal olmaz.

Onun fikrincə, müxalifət cəmiyyətin ayrılmaz tərkib hissəsi, ictimai institutdur. “Onlar bizim rəqibimizdir, mövcud hakimiyyətə müxalifətdədirlər, bizim addımlarımızı bəyənmirlər, dəstəkləmirlər. Ona görə də alternativ güc mərkəzi formalaşdıraraq, hakimiyyəti gələcəkdə seçki yolu ilə bizdən almaq istəyirlər”.
Cənab Həsənov müxalifətdə təmsil olunan şəxslərin “Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalı olduqlarını” bildirib.
Hakimiyyətin müxalifətə şəhərin mərkəzində mitinq keçirməyə icazə verməməsinin səbəbi barədə suala cavabda Həsənov deyib ki, müxalifət qanun çərçivəsində fəaliyyət göstərməlidir. “Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir”, deyə o qeyd edib.
Şöbə müdiri Amerikanın Səsi radiosunun Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm İbrahimbəyovun dünən Azərbaycan iqtidarını kəskin tənqidi ilə bağlı sualına cavab verməkdən imtina edib.

XS
SM
MD
LG