Accessibility links

Əli Həsənov: Son 3 ildə Azərbaycanda heroinin dövriyyəsi 1.9 dəfə artıb


Əli Həsənov: Son 3 ildə Azərbaycanda heroinin dövriyyəsi 1.9 dəfə artıb

Əli Həsənov: Son 3 ildə Azərbaycanda heroinin dövriyyəsi 1.9 dəfə artıb

2008-2010-cu illərdə 5150 kq həşiş, 498 kq tiryək, 28,6 kq metafitamin qanunsuz dövriyyədən çıxarılıb. 2010-cu ildə qeydiyyata alınmış narkomanların sayı 25 489 nəfər olub.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
APA Agentliyinin xəbərinə görə, məktubu konfransın açılış mərasimində Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.
42 ölkədən və 7 beynəlxalq təşkilatdan 90 nümayəndənin iştirak etdiyi konfransda çıxış edən baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycanın əlverişli təbii coğrafi mövqeyi müxtəlif nəqliyyat vasitələri ilə sərnişin və yük daşınmasının ilbəil artması, Azərbaycanın 140-a yaxın ölkə ilə ticarət əlaqələrinin qurulması müxtəlif ölkələrdən olan narkoqaçaqmalçları özünə cəlb edir.
Azərbaycan tərəfdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərdən danışan Ə.Həsənov deyib ki, 2008-2010-cu illər ərzində 7108 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bununla bağlı 9346 cinayət işi açılıb: “Arzuolunmaz göstəricilərdən biri odur ki, heroin kimi narkotik vasitənin dövriyyəsi artıb. 2008-2010-cu illər ərzində 581 kq heroin ələ keçirilib. Bu da əvvəlki 3 illə müqayisədə 1,9 dəfə çoxdur. Eyni zamanda 2008-2010-cu illərdə 5150 kq həşiş, 498 kq tiryək, 28,6 kq metafitamin qanunsuz dövriyyədən çıxarılıb”.
Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycanda qeydiyyata alınmış narkomanların sayı 25 489 nəfər olub. Amma mütəxəssislərin fikrincə, bu, real vəziyyəti əks etdirmir: “Ötən il ölkədə 2723 nəfər QİÇS-ə yoluxmuş şəxs qeydə alınıb, onlardan 60%-i narkotik vasitə istifadəçisidir”.

Trend Agentliyinin məlumatına görə isə, baş nazirin müavini deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bu ərazinin və Azərbaycan-İran sərhəddinin 132 km hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaradır".
Onun sözlərinə görə, daxil olan əməliyyat məlumatları təsdiq edir ki, bu nəzarətsiz zonalar narkotik vasitələrinin əkilib-becərilməsi, istehsalı, tranziti, ticarəti, qanunsuz silah və insan alveri, terrorçuların sığınacağı və transmilli cinəyatkarlığın digər təhlükəli növləri üçün aktiv istifadə olunur.

XS
SM
MD
LG