Accessibility links

Əli Həsənov: Transmilli media özgə gözündə tük axtarana qədər, Avropadakı tirləri görsün


Əli Həsənov: Transmilli media özgə gözündə tük axtarana qədər, Avropadakı tirləri görsün
Əli Həsənov: Transmilli media özgə gözündə tük axtarana qədər, Avropadakı tirləri görsün

Azərbaycan rəsmisi beynəlxalq hüquq müdafiə təşkilatlarını qərəzli adlandırıb, beynəlxalq medianın məlumatlarına şübhə ilə yanaşır, Azərbaycanda insan hüquqlarının, media azadlığının təmin edildiyini bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov may ayında prezidentin əfv fərmanının hazırlanması barədə mediada yayılan məlumatları təsdiqləməyib. “Mayda əfv haqqında fərmanın imzalanması gözlənilmir”, - deyə o qeyd edib. 28 may - Respublika Günü münasibətilə əfvin olması barədə ehtimallara gəlincə, Həsənov bununla bağlı məlumatının olmadığını bildirib. “Əfv haqqında qərarın qəbul olunması üçün Prezident yanında Əfv Komissiyasının iclası keçirilməlidir. Komissiya yığışmalı, müəyyən siyahını hazırlamalı və bu barədə prezidentə məlumat verməlidir”, - deyə cənab Həsənov vurğulayıb.

O beynəlxalq təşkilatların Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı sahəsində problemlər barədə Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, Azərbaycanda insan haqları, demokratiya və ifadə azadlığı ilə bağlı bəyanat yayan beynəlxalq təşkilatların əksəriyyəti qərəzlidir. “Bu bəyanatların əksəriyyəti Azərbaycan dövlətinə, onun siyasətinə təsir etmək məqsədi daşıyır. Mən istənilən beynəlxalq təşkilatı, Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerdə qiymətləndirən istənilən təşkilatı Azərbaycana dəvət edirəm. Gəlsin, medianın qarşısında ölkədəki vəziyyəti müzakirə edək”.

Onun fikrincə, əgər istənilən mətbuat köşkündən istənilən qəzeti götürüb hakimiyyətin tənqidinə rast gəlirsənsə, istənilən dövlət məmuru tənqidə məruz qalırsa, istənilən məsələni media araşdırırsa, belə ölkədə mətbuat azadlığının pozulmasından danışmaq 100 faiz subyektivlikdir. “Biz Freedom House, Azad Reportyorlar və digər təşkilatların bütövlükdə fəaliyyətini şübhə altına almırıq. Onlar hansısa fondlardan maliyyələşərək fəaliyyət göstərir, hansısa məqsədlərə xidmət edirlər. Amma onların məqsədi heç də sözün həqiqi mənasında dünyada söz azadlığını təsnif etmək, onun yaxşı-pis xarakteristikasını açıb nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri, sifarişləri həyata keçirirlər. Maliyyələşdirildiyi qurumlar qarşısında məsuliyyət daşıyırlar”.

Cənab Həsənov nümunə kimi deyib ki, Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı bizim transmilli adlandırdığımız televiziyaların məlumatına baxın. “Məlumatların hamısı ütülüb, bir mərkəzdən formalaşdırılan və yayılan informasiyalardır. Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrlə bağlı müxalif fikirdə olanlar, fərqli düşünənlər yoxdurmu? Kifayət qədər var. Niyə onların biri o televiziyalarda danışmır? Biz buradan bəyan edək ki, həmin medialarda azad söz, azad fikir, azad fəaliyyət yoxdur. Əlbəttə, var. Onların da bir siyasəti var, siyasəti həyata keçirirlər. Bu qurumlar özgə gözündə tük axtarana qədər, elə Avropadakı tirləri görsünlər”.
Şöbə müdiri Ameriokanın Səsinin “fikrinizcə beynəlxalq mətbuat azad deyil?” sualının cavabında “mən beynəlxalq mətbuat azad deyil fikrini səsləndirmədim” deyib. “Amma bütün dünya ölkələrində ütülü informasiya siyasəti var. Hər bir dövlətin özünün informasiya siyasəti var. Bunun da ali məqsədi öz dövlətinin, millətinin maraqlarını təmin etməkdən ibarətdir. Azərbaycanda söz və mətbuat azadlığı da, məmur fəaliyyəti də, yazıçı - şairlik də, həkimlik də, sürücülük də, istənilən sənət ictimai əhəmiyyət daşımırsa, ictimaiyyətə, dövlətə xidmət etmirsə, o sənət heç kimə lazım deyil, o cümlədən azad söz, azad jurnalistika da. Əgər bu jurnalistika Azərbaycanın inkişafına xidmət etmirsə, o heç kimə lazım deyil. Ona görə də, biz jurnalistlərimizi jurnalist olmaqla yanaşı, həm də vətəndaş olmağa, vətəndaş maraqlarının təmsilçisi olmağa çağırırıq”.
Cənab Həsənov “yəni, jurnalistlər dövlət siyasətini həyata keçirir?” sualına cavabda isə bildirib ki, dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, hər bir ictimai fəaliyyət öz sənət dəyərlərini yaşatmaqla bərabər, millətin, dövlətin, ictimaiyyətin maraqlarını da təmsil etsin.

O, medianın məlumatlarının hökumət tərəfindən araşdırılıb-araşdırılmaması barədə sualın cavabında deyib ki, mətbuatda aşkarlanan bu və ya digər qurumların fəaliyyəti ilə bağlı məlumatlar araşdırılır: “Onlar Prezident Administrasiyasında, müvafiq nazirliklərdə, Korrupsiya ilə Mübarizə Komissiyasında, müvafiq hüquq-mühafizə orqanlarında araşdırılır. Əgər bunun nəticələri ilə bağlı mediaya, cəmiyyətə məlumat vermirlərsə, bu o demək deyil ki araşdırılmır”.

Cənab Həsənov “Mətbuat Şurası bir neçə qəzetlə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verən kimi mətbuata bilgi verilir. Ancaq körpülərin, yolların, kanalların tikintisi ilə, müxtəlif sahələrdə korrupsiya halları ilə bağlı məlumatlar mediada dərc edilmir. Bunların araşdırılması ilə bağlı hər hansı məlumat verilmir. Səbəbi nədir?” sualının cavabında bildirib ki, araşdırmanın nəticələri yalnız məhkəmədən sonra müəyyən edilir.

XS
SM
MD
LG