Accessibility links

Əli Kərimli: 2011-ci il seçki ili olmasa da, mübarizə ili olacağını vəd edir


Əli Kərimli: 2011-ci il seçki ili olmasa da, mübarizə ili olacağını vəd edir

Əli Kərimli: 2011-ci il seçki ili olmasa da, mübarizə ili olacağını vəd edir

Cənab Kərimli Azərbaycan iqtidarının beynəlxalq imicini itirdiyini deyir. Onun fikrincə, rəsmi Azərbaycan qəzetində dərc edilən “ABŞ: Azadlığı yoldan çıxaranlar” məqaləsi hökumətin rəsmi mövqeyini əks etdirir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2010-cu ilin siyasi yekunları ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə 2010-cu ildə azad seçki, insan haqları, media azadlığı sahəsində irəliləyişin olmadığı bildirilir. Cənab Kərimli, Azərbaycan iqtidarının beynəlxalq imicini itirdiyini deyib. Onun fikrincə, rəsmi Azərbaycan qəzetində dərc edilən “ABŞ: Azadlığı yoldan çıxaranlar” məqaləsi hökumətin rəsmi mövqeyini əks etdirir.

Sual: 2010-cu ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz?

Cavab: 2010-cu ilin əsas siyasi gözləntiləri parlament seçkiləri idi. Çox təəssüf ki, bu seçki də itirilmiş bir fürsət oldu. Bütün əvvəlki seçkilər kimi və daha da sərt şəkildə saxtalaşdırıldı. Ona görə də, bu seçkilər böyük bir məyusluğun, ümidsizliyin ifadəsi oldu. Seçkilər ilin hadisəsinə çevrilə bilmədi.

2010-cu il də əvvəlki illər kimi itirilmiş illərdən biridir. İl ərzində Azərbaycanın əsas xroniki problemləri həllini tapmadı. Qarabağın qaytarılması, korrupsiya ilə mübarizə, hüququn aliliyinin təmin edilməsi, demokratik islahatlar, ölkənin sosial iqtisadi problemlərini həll etmək baxımından hər hansı irəliləyişə nail olunmadı.

Uzun müddətdir ki, Azərbaycan xalqı avtoritar rejimin beynəlxalq aləm tərəfindən dəstəklənməsindən məyus olurdu. Hətta seçkilər saxtalaşdırılan zaman da, Azərbaycandakı korrupsioner rejimə dəstək verilirdi və demokratiya istiqamətində daha bir addım atılması kimi bəyanatlar səsləndirilirdi. Nəhayyət, 2010-cu ildə dünyanın aparıcı KİV-lərində məqalələr dərc edildikdən sonra Azərbaycan xalqı əmin oldu ki, Azərbaycandakı rejimin korrupsiner mahiyyətini, kriminal xarakterini , ölkənin orta əsrlər qaydasında idarə olunduğunu, hakim ailələr arasında sərvətlərin bölüşdürüldüyünü artıq bütün dünya bilir. Beləliklə, əvvəlki illərdən fərqli olaraq artıq Əliyevlər səltənətinə dünyanın dəstəyi, müdafiəsi yoxdur. Fikrimcə, bu, 2010-cu ilin əsas siyasi yekunudur.

İndi Azərbaycan xalqı bilir ki, ətalətin, qorxunun, xalqın siyasətdən kütləvi şəkildə uzaqlaşmasının nəticəsidir ki, hələ də bu rejim ayaqdadır. Azərbaycan xalqı kütləvi mübarizəyə başlayarsa heç bir ciddi beynəlxalq təsisat bu rejimə dəstək verməyəcək.

2011-ci il seçki ili olmasa da mübarizə ili olacağını vəd edir. Müxalifətin təşkilatlanması da buna zəmin yaradır. 2010-cu ilin son günlərində İctimai Palata formalaşdı, 2011-ci ildə seçki islahatı və demokratik dəyişikliklər uğrunda ciddi mübarizə aparmaq əzmindəyik.

Sual: Bu günlərdə rəsmi “Azərbaycan” qəzeti Amerika ilə münasibətlərə dair “ABŞ: Azadlığı yoldan çıxaranlar” adlı məqalə ilə çıxış edib. Azərbaycan - Amerika əlaqələrinin bu gününə və perspektivlərinə necə baxırsınız?

Cavab: “Azərbaycan” qəzetinin dərc etdiyi məqalə hökumətin sifarişi ilə bir qrup adam tərəfindən uzun müddət ərzində hazırlanmış bir araşdırmadır. Məqalənin birbaşa hökumətin iradəsini ifadə etdiyi heç bir şübhə doğurmur. Bu yazı ortaya qoydu ki, Azərbaycandakı hakimiyyət dünyada neqativ mənada olduqca məşhur olan, özünü Amerikaya qarşı qoyan bir neçə rejimlə çiyin-çiyinədir. Yazıdakı leksikon, ittihamlar yeni deyi. Bunlar bir qayda olaraq diktator mahiyyətli və Amerikanı özünə düşmən bilən rejimlərin iddialarıdır. Azərbaycandakı hakim rejim də həmin leksikonu, ittihamları bölüşmüş oldu. Bu məqalə həm də aydınlaşma istiqamətində atılan bir addımdır. Həm Amerika hökuməti, həm də dünya bildi ki, Azərbaycanın hansısa tədrici addımlarla qərbə inteqrasiya olunacağı ilə bağlı illuziyalar, elə illuziya olaraq da qalacaq.

Azərbaycanda mahiyyətcə antidemokratik, antiqərb, antibəşəri rejim var. Ona görə də, kim bu rejimin var-dövlətinin çiçəklənməsinə mane olur, oğurluğunun, kriminal hakimiyyətinin məhdudlaşdırılmasına çalışır avtomatik olaraq düşmənlər sırasına düşür. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan xalqının illuziyaları dağıldığı kimi, Amerika siyasətçilərinin də illuziyaları dağılmalıdır. Onlar başa düşməlidir ki, Azərbaycanda heç bir tədrici islahat həyata keçirilmir, Avroatlantik məkanı aldadırlar, Azərbaycan hökumətinin Avroatlantik məkana inteqrasiya olunmaq niyyəti yoxdur. Azərbaycan hakimiyyətinin təfəkkürü qərbə, demokratik dəyərlərə nifrət edən təfəkkürdür. Bu səbəbdən də Azərbaycan xalqının bu avtoritar rejimlə mübarizəsinə hərtərəfli dəstək verilməlidir.

Sual: Təhqirlə dolu məqalədə Amerika hökuməti korrupsiner adlandırılır, hətta prezidentin ailəsinin xərcləri ilə bağlı da yazılır. Amerikada hər bir məmur əmlakı və gəlirləri ilə bağlı hər il bəyannamə imzalayır, ictimaiyyətə hesabat verir. Azərbaycan-Amerika münasibətlərində bu məqaləni necə dəyərləndirərdiniz?

Cavab: Heç kim idda etmir ki, Amerikanı idarə edənlərin, siyasətçilərin hamısı mələklərdən ibarətdir, nümunəvi insanlardır. Orada da insanlar nəinki səhvlər edir, cinayətlər də törədir. Amma, Amerikanın mütərəqqiliyi ondadır ki, bu cinayətləri Azərbaycanın Prezident Administrasiyasında oturanlar deyil, elə Amerikanın öz daxili mexanizmləri ortaya çıxarır, ifşa edir və onları cəzalandırır. Əslində məqalədə istifadə olunmuş faktlar Amerikanın ədalət mühakiməsi tərəfindən ifşa olunmuş cinayətlərdir. Amerikadakı müstəqil məhkəmə hakimiyyəti siyasətçilər və dövlət məmurlarının səhvlərindən toplumu qorumaq üçün ən yaxşı qarantiyadır. Azərbaycanda antiamerika isterikasını aparanlar bunu nəzərə almalıdır.

İkincisi, bu məqalə soyuq savaş terminologiyasının Azərbaycanda geri qayıtması deməkdir. Ölkə miqyasında artıq keçmiş sovet ənənələrinə qayıdışdan söhbət getməlidir. Sovet hakimiyyəti dövründə belə bu cür sərt leksikondan istifadə edilmirdi. Məqalədə seçilmiş terminologiya daha çox beynəlxalq aləmdən təcrid olunmuş və izqoy hesab edilən kriminal xarakterli dövlətlərə xas bir ruhdur.

Xatırladaq ki, ötən il dekabrın 30-da rəsmi “Azərbaycan” qəzetində “ABŞ: “azadlığı” yoldan çıxaranlar” adlı məqalə dərc edib. Məqalədə ABŞ prezidentləri, konqresmenləri əleyhinə kəskin ifadələr işlənib. Yazıda həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları, Amerika hökuməti kəskin ifadələrlə tənqid edilib.

Yerli mediaya “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov məqalənin müəllifi olduğunu deyib. Ancaq, dərc olunmuş məqalədə baş redaktorun imzası yerində “Azərbaycan” qəzetinin adı yazılıb.

XS
SM
MD
LG