Accessibility links

Əli Kərimli: Azərbaycanda mübarizə kütləvilik mərhələsinə keçəcək


Əli Kərimli: Azərbaycanda mübarizə kütləvilik mərhələsinə keçəcək

Əli Kərimli: Azərbaycanda mübarizə kütləvilik mərhələsinə keçəcək

AXCP sədri müxalifətin demokratik islahatlar uğrunda apardığı mübarizə, demokratiyaya keçidin yol xəritəsi və ərəb inqilablarından danışıb. İqtidar rəsmiləri isə deyilənlərin əksini düşünür.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Səbael rayon məhkəməsinin müxalifət fəalları barədə həbs hökmünü siyasi sifariş adlandırıb. O, Azərbaycan müxalifətinin demokratik islahatlar uğrunda apardığı mübarizə, avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi və ərəb inqilablarının səbəblərindən danışıb.

Sual: Bu gün Səbael rayon məhkəməsi 6 müxalifət fəalı barədə həbs hökmü çıxarıb. Hökmə münasibətiniz necədir?

Cavab: Bu, siyasi sifarişlə verilmiş məhkəmə qərarıdır. Əvvəlcədən bəlli idi ki, bizim müxalifətçi dostlar cinayət törətməyib, onların hərəkətlərində heç bir qanun pozuntusu, ictimai təhlükəli, cinayət xarakterli əməl olmayıb. Mitinqlərin qarşısını almaq, insanların fəal şəkildə hüquqları uğrunda mübarizəyə qoşulmasına mane olmaq məqsədi ilə bu, cinayət işi quraşdırılıb. Əvvəlcədən bilinirdi ki, cinayət işi saxtadır. Məhkəmə istintaqı zamanı da işin saxta olduğu sübut olundu. Onlarla şahid iştirak etdi. Şahidlərin doxsan faizi polis əməkdaşları idi. Hətta, prokurorluğun tapdığı, saxta şahidlərin özləri də təsdiq etdi ki, bu gün ittiham olunan şəxslərin heç biri konkret cinayət əməli törətməyib. Onların rejim qarşısında yeganə suçu “Azadlıq!”, “İstefa!” şüarlarını səsləndirməsi olub. Belə müəyyən olunur ki, Azərbaycanda qeyri-rəsmi qaydalara görə, “Azadlıq!”, “İstefa!” şüarlarını səsləndirmək cinayət hesab olunur. Bu, bir daha göstərdi ki, ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Çox təəssüf ki, Azərbaycanda məhkəmə, polis, prokurorluq avtoritar rejimin repressiya maşını kimi işləyir. Azərbaycan vətəndaşlarını qorxutmaq məqsədi ilə onlara qarşı qanunsuz repressiyalar həyata keçirilir. Mən əminəm ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da belə repressiyalarla xalqı qorxutmaq mümkün olmayacaq. Məhkəmələrin qarşısında keçirilən etiraz aksiyaları da bunun sübutudur. Bu gün azadlıqdan qanunsuz olaraq məhrum edilmiş dostlarımızın mərdi-mərdanə mübarizəsi və hətta məhkəmə hökmündən sonra optimizm nümayiş etdirmələri göstərir ki, rejim çox çalışsa da, ölkədə qorxunu bərpa edə bilməyəcək. Azərbaycanda da demokratiya uğrunda mübarizə kütləvilik mərhələsinə keçəcək. Mən inanıram ki, bu gün məhkum edilmiş dostlarımız uzun müddətə həbsdə qalmayacaq.

Sual: İctimai Palata və ya müxalifət yeni mitinqlərə başlamaq fikrindədirmi?

Cavab: Mitinqlər əslində, dayandırılmayıb. Bizim kütləvi aksiyalar keçirmək barədə siyasi qərarımız var. Amma, indi çalışırıq ki, mitinqlər daha kütləvi olsun. Doğrudur, müəyyən lokal aksiyalar keçirilir, “Azadlıq!”, “İstefa!” şüarları səsləndirilir. Amma, biz maraqlıyıq ki, İctimai Palatanın mitinqləri daha kütləvi və vətəndaşların iştirakı ilə olsun. Yalnız, müxalifət fəalları tərəfindən keçirilən mitinqlər arzuladığımız nəticəni əldə etmək üçün kifayət deyil. Ona görə də, biz təşkilatlanmanı, İctimai Palatanın fəal tərəfdarlarını artırmaq xəttini aparırıq ki, aksiyalara bağlayan zaman daha kütləvi aksiyalar keçirmək mümkün olsun.

Sual: Məhkəmənin qərarından yuxarı məhkəmələrə şikayət veriləcəkmi?

Cavab: Əlbəttə, dərhal Apelyasiya Məhkəməsinə müraciət ediləcək. Amma, bu ona görə olmayacaq ki, biz ilkin məhkəmədə görmədiyimiz ədaləti burada görəcəyik. Biz, Azərbaycanda məhkəmə sisteminin tam iflasa uğradığını yaxşı bilirik. Amma, mövcud qaydalara görə, ölkə daxilində bütün məhkəmə instansiyalarını keçməliyik ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edək. Avropa İnsan Hüquqları Məhkəməsində dostlarımızın cinayət etmədiyini sübut edəcəyik və hökumət onlara kompensasiya ödəməli olacaq.

Sual: İctimai Palatanın gələcəkdə ölkədə demokratik islahatlara nail olacağına inanırsınızmı? Bunun yolları nədir?

Cavab: Biz inanırıq, inandığımıza görə də, konkret layihələrimizi ictimaiyyətə təqdim edirik. Avqustun 27-də İctimai Palatanın sessiyasında “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənədin son variantının qəbul ediləcəyini düşünürük. Əslində, bu yol xəritəsi iqtidara yaradılan bir şansdır ki, demokratikləşmə ilə bağlı proses tədricən, islahatlar yolu ilə həyata keçirilsin, inqilabi varianta ehtiyac olmadan addım-addım ölkənin mütərəqqiləşməsinə nail olaq. Azərbaycan müxalifətinin istədiyi budur. Amma, təcrübə göstərir ki, harada ki, sistemli və ardıcıl şəkildə irəli sürülən islahatlar rejimlər tərəfindən qulaqardına vurulur və xalq da görür ki, iqtidar konstruktiv təklifləri, demokratik dəyişikliklərə addım-addım nail olmaqla bağlı təklifləri qəbul etmək iqtidarında deyil. O, zaman xalqın özü siyasi meydana atılır. Xalq meydan çıxanda onun özünün spesifik dəyişikliklər xəritəsi olur. O mərhələdə, daha müxalifətin təklif etdiyi yol xəritəsinə ehtiyac olmur. Biz, hökumətə xatırladırıq ki, dəyişikliklər mütləq olacaq. Azərbaycan xalqının avanqard qüvvəsi olan müxalifət bu dəyişiklikləri etməyə qərarlıdır. Yaxşı olar ki, dəyişikliklər, Azərbaycana yaraşan sivil şəkildə həyata keçirilsin. Azərbaycan hökuməti indiki repressiv siyasətində israr etsə, günün birində Azərbaycan xalqı ilə üz-üzə qalmalı olacaq.

Sual: Amma, müxalifətin yol xəritəsi iqtidarın yüksək səviyyəli məmurları, siyasətçiləri tərəfindən birmənalı qarşılanmır? Hətta, bəzən rişxəndlə qarşılanır.

Cavab: Bu, bir daha göstərir ki, avtoritar rejimlər tarixdən heç bir dərs almır. Onlar özlərindən qabaqkıların səhvlərini təkrarlamaqda davam edir. Vaxtı ilə Misirin prezidentinə islahatlar təklif olunanda, o və ətrafı belə, rişxəndlə yanaşırdı. Tunisin prezidenti də, belə etinasız münasibət nümayiş etdirirdi. Suriyada, Liviyadakı rejimlər islahatlara gülünc yanaşırdı. Onlar özlərini həddindən çox güclü bildirdi. Amma, biz indi onların “güclü taleyi”ni də görürük. Heç kimin şübhəsi olmasın ki, Azərbaycandakı rejim istisna olmayacaq. Bütün avtoritar rejimlərin, o cümlədən Azərbaycandakı rejimin də perspektivi və gələcəyi yoxdur. Təəssüf ki, Azərbaycan iqtidarı dünyada baş verənləri düzgün müşahidə edib, düzgün nəticə çıxara bilmir. Bu kobud səhvi etmiş insanların yolu ilə gedirlər. Özləri bilmədən, uçuruma doğru gedirlər.

Müəllifdən: Azərbaycanın hüquq mühafizə orqanları hazırda məhkum olunan müxalifət fəallarının kütləvi aksiyaya cəhd zamanı etdikləri cinayətlərin istintaq yolu ilə sübut olunduğunu bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə “Media forum” saytına deyib ki, məhkəmənin hökmünü xüsusiləşdirmək, siyasiləşdirmək lazım deyil. “Buna göstərilən cəhdlər əbəsdir. Azərbaycan demokratik dövlətdir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında cavabdehlik daşıyır. Qanuna hörmət, riayət etmək hamımızın borcudur. Qanunun aliliyini təmin etmək isə dövlətin vəzifəsidir. Azərbaycanda qanun pozuntusu ilə bağlı məhkəmələrin çıxardığı qərarlar cəmiyyətin, ictimaiyyətin xeyrinədir, ictimai asayişin, vətəndaşların şəxsi mülkiyyətinin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda qanunsuz mitinqlərə cəhdlər olub, o cümlədən aprelin 2-də bəzi siyasi dairələr qanunsuz mitinqlər keçirməyə cəhd edərək ictimai asayişi pozublar, vətəndaşların mülkiyyətinə zərər vurublar. Bu da hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, məhkəmə istintaqı aparılıb. Sonda isə məhkəmə hökmü verilib. Məhkəmənin hökmünü şərh etmək niyyətində deyiləm. Çünki məhkəmənin hökmü qanuna istinad edir. Qərardan yalnız yuxarı instansiya məhkəməsinə şikayət vermək olar”.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının yüksək vəzifəli şəxsləri həmçinin, müxalifətin yol xəritəsini və müxalifətlə dialoqu mümkün saymır.

YAP İcra katibinin müavini Səyavuş Novruzov hesab edir ki, müsəlman ölkələrində cərəyan edən dalğanın əsas mahiyyəti və məğzi həmin ölkələrin sərvətlərinin bəzi Avropa ölkələri və ABŞ tərəfindən mənimsənilməsinə və bölüşdürülməsinə xidmət edir. “Liviya və Suriyanın beynəlxalq fondlarda olan bütün pulları, sərvəti dondurulub və mənimsənilir. Çünki, Avropa ölkələri və ABŞ xərclədikləri bütün pulları Liviya xalqının belindən çıxaracaq. Onlar Liviyada demokratiya axtarmır, demokratiya qurulması gündəmdə olan məsələ deyil”, - deyə o qeyd edib.

XS
SM
MD
LG