Accessibility links

Əli Kərimli: “Seçki dairələrinin 2/3-də real alternativlər yoxdur”


Əli Kərimli: “Seçki dairələrinin 2/3-də real alternativlər yoxdur”

Əli Kərimli: “Seçki dairələrinin 2/3-də real alternativlər yoxdur”

Azərbaycanda parlament seçkilərinin keçirilməsinə 10 gün vaxt qalıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirir. Hakim partiya seçkiqabağı prosesin pozuntusuz davam etdiyini və seçkilərin də azad, ədalətli keçiriləcəyini bildirir. Müxalifət isə fərqli fikirdədir. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd, AXCP sədri Əli Kərimli ilə müsahibəni sizə təqdim edirik.


Sual:
Artıq seçkilərə iki həftədən az vaxt qalıb. Sizin seçicilərinizlə bir neçə görüşləriniz olub. Ümumilikdə təbliğat-təşviqat dövrünü necə qiymətləndirirsiniz?

Cavab:
Bütövlükdə bu kampaniyanı neqativ qiymətləndirirəm, çünki builki parlament seçkilərində, əvvəla, mərkəzləşmiş qaydada siyasi partiya və bloklara mitinqlər keçirməyə imkan verilməyib. Partiyalar, bloklar arası debatlara imkan verilməyib. 4 dəqiqəlik debatlar yalnız dairələr üzrə aparılır, bud a çoxpartiyalı sistemə ziddir. Bütövlükdə proses hətta 2005-ci ildə olduğundan da sönük və neqativ keçir. Hətta küçələrə, binalara plakatlar, posterlər vurmağa icazə verilmir. Amma mən öz dairəmdə məhdud imkanlarla müəyyən kampaniya aparıram. İndiyə qədər artıq mənim 6 görüşüm keçirilib.

Sual: AXCP –Musavat blokunun namizədlərinə qarşı konkret hansı qanun pozuntuları qeydə alınıb?

Cavab: Əvvəla, blokun namizədlərinin böyük bir hissəsi qeydə alınmayıb. 100 namizəd irəli sürmüşdük, onlardan 30-u dairələr tərəfindən qeydə alınıb. Sonradan MSK-nın müdaxiləsindən sonra 100 namizəddən 41-i qeydiyyatdan keçib. İmza toplayan və imza verən şəxslərə təzyiqlər olub. İndi də təşviqat kampaniyasında bir çox namizədlərimizin qərargahlarını polis əllərindən alıb. Şəkidə blokun vahid namizədi Sahib Kərimovun ofisini polis boşaldıb, Bakıda 23-cü dairədə polis blokun vahid namizədi Razi Nurullayevi ofisini tərk etməyə məcbur edib. Bir sıra başqa dairələrdə də buna bənzər hərəkətlər olub.

Sual: Təbliğat-təşviqat kampaniyası dövrü xüsusilə müxalifətin mətbuata əlçatımlılıq necədir?

Cavab: Biz artıq çoxdan televiziyaların müxalifətin üzünü qapalı olmasına alışmışıq. İndi də davam edir. Yalnız İTV-də 4 dəqiqəlik vaxtdan istifadə etmək imkanı var. O da nəzərə alın ki, 700-dən artıq namizəd qeydə alınıb. Onlar arasında yalnız 40-i bizim blokun təmsilçiləridir. Hakimiyyəti təmsil edən çoxsaylı namizəd var. Əslində onlar bu debatları gözdən salıblar. Çünki həddən artıq qeyri-ciddi və monoton çıxışlar olur. Amma qalan televiziyalar üzümüzə bağlıdır. Bilirsiniz ki radiolarında imkanları məhduddur. Bütün sərbəst, azad radiolar Azərbaycanda FM dalğalarında yayımlana bilmir. Ona görə, aztirajlı qəzetlər və canlı ünsiyyətdən başqa seçicilərlə təmas imkanımız yoxdur.

Sual: Bu yaxınlarda Avropa Şurası müşahidə missiyası görüş təklif etmişdi, amma siz bu görüşü rədd etdiniz. Buna səbəb nə idi?

Cavab: Səbəb onunla əlaqədardır ki, son illərin ərzində bütövlükdə Avropa Şurası strukturları Azərbaycandakı avtoritar, korrupsioner hökumətə olduqca loyal münasibət sərgiləyirlər. Bir çox hallarda seçkilərin, referendumların monitorinqinə elə adamlar müəyyənləşdirilir ki, həmin adamlar nəinki saxtakarlığa adekvat və prinsipial qiymət vermir, əksinə hökumətin saxtakatlığının pərdələməklə, məşğul olurlar. Eləcə də Parlament Assambleyası artıq Azərbaycana münasibətdə əvvəlki prinsipial mövqeyini ortaya qoymur. Hətta Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi cənab Ştrasser il yarımdır bu vəzifəyə təyin olunmasına baxmayaraq, indiyədək vaxt edib Azərbaycana gəlməyib. Biz bu görüşdən imtina etməklə bütün bunlara dünya ictimaiyyətinin diqqətini cəlb etmək istədik.

Sual: Müxalifət demək olar ki, indiyədək keçirilən bütün seçkilərin nəticələrini tanımayıb və bu nəticələrə öz etirazını bildirib. Noyabrın 7-də keçiriləcək seçkilərin nəticələrindən müxalifətin gözləntiləri nədir?

Cavab: Biz artıq deyə bilərik ki, bu seçkilər azad ədalətli olmayacaq. Bu seçkilər Azərbaycan xalqının legitim iradəsini ifadə etməyəcək. Çünki seçki dairələrinin 2/3-də real alternativlər yoxdur. Təbii ki, təyin olunmuş şəxslər var, psevdo-müxalifətin təmsilçiləri var. Belə bir şəraitdə hansı demokratik azad seçkilərdən söhbət gedə bilər. Bu baxımdan hesab edirəm ki, artıq indidən seçkininb taleyi məlumdur, seçkilər kütləvi şəkildə saxtalaşdırılır və saxtalaşdırılacaq.

Qeyd: Azərbaycan hakimiyyəti isə seçki prosesləri zamanı heç bir pozuntunun qeydə alınmadığını və noyabrın 7-də parlament seçkilərinin azad, ədalətli və şəffaf keçiriləcəyinə təkid edir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG