Accessibility links

Oğlum Elşən Paşayev martın 2-dən 1 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək aclıq edirdi. Indi o su içir, qidadan imtina etməklə aclığı davam etdirir. Oğlumun vəziyyəti çox ağırdır, artıq 4 kiloqram arıqlayıb. Bu barədə məhbus Elşən Paşayevin anası Lida Mirzəliyeva xəstəxanadan Amerikanın Səsinə bildirib. O oğlunun dərdinə dözməyərək həyəcan keçirib və xəstəxanaya yerləşdirlib.

Anaya oğlu ilə görüş verilmir.

“Oğlumu guya daxili intizam qaydalarını pozduğuna görə martın 3-dən karsa (cəza kamerasına) yerləşdiriblər. Məqsədləri oğlumu məhv etməkdir. Dövlət başçısından, birinci xanım Mehriban Əliyevadan, ictimaiyyətdən mənim balamı xilas etmələrini xahiş edirəm”, ana fəryad edir.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.

Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilıə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.

Lida Mirzəliyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb.

Ana müxtəlif instansiyalara müraciət edib, 47 dəfə baş prokurorun qəbulunda olub. Lida Mirzəliyeva və qızı etiraz olaraq venaların kəsib, özlərini yandırmağa cəhd edib.

Ana oğlunun günahının olmadığını və işə yenidən baxılmasını vacib sayır.

Penitensiar Xidmət Amerikanın Səsinin martın 4-də və 12-də sorğusuna cavabda bildirib ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib.

“Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, cavabda qeyd edilir.

Öz növbəsində, Ombudsman yanında Preventiv qrupun iki üzvü (biri həkim olmaqla) martın 13-də Elşən Paşayevlə görüşüb. Ombudsman Aparatından Amerikanın Səsinə bildirilib ki, Elşən Paşayev aclığı davam etdirir.

“O aclığa başlaması ilə bağlı ərizə ilə cəzaçəkmə müəssisəinin rəhbərinə müraciət edib. Onun ərizəsi qəbul edilib və bildirdilər ki, tələbləri lazımi instansiyalara çatdırılıb. Paşayev aclığa başladığı andan xüsusi otağa (karsa) yerləşdirilib. Özü dedi ki, vaxtında ona yeməklər çatdırılır və o qidadan imtina edir. Yalnız su qəbul edir.Səhhəti normaldcır və həkim nəzarət edir. Biz də müəssisə rəhbərliyinə onun tələblərini çatdırdıq. Paşayevdən aclığı dayandırmağı və tələblərini başqa yollarla reallaşdırmağı xahiş etdik”, Ombudsman Aparatından Amerikanın Səsinə deyiblər.

XS
SM
MD
LG