Accessibility links

“Qadın Ərzaq Qəhrəmanı” kampaniyası başlayıb


Oxfam-ın tədbiri
Oxfam-ın tədbiri

Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə Oksfam Beynəlxalq Humanitar Təşkilatının icra etdiyi “Azərbaycanda Milli Strategiya və Kiçik Fermer Təsərrüfatı vasitəsilə Ərzaq Təhlükəsizliyini Təkmilləşdirmək” layihəsi çərçivəsində “Qadın Ərzaq Qəhrəmanı” kampaniyasının təqdimatı keçirilib.

Layihənin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalında yeni texnologiyalar tətbiq edən, öz təsərrüfatını genişlədirərək uğur qazanan, sağlam qidanın vacibliyini təbliğ edən, öz ailəsinə və icmasına töhfə verən nümunəvi qadın fermerlərini ictimaiyyətə təqdim etmək, qadın fermerlərin qida və ərzaq təhlükəsizliyindəki rolunu yetərincə qiymətləndirməkdir. Layihə çərçivəsində ərzaq qəhrəmanı olan qadınlar müəyyənləşdiriləcək. Facebook-da profil yaradılacaq və seçilmiş ərzaq qəhrəmanı qadınların işləri təbliğ ediləcək. Seçilmiş qadınlardan 10 nəfər finalçı olacaq və ümumi səsvemə ilə onlardan biri qalib elan ediləcək.

Oxfam-ın tədbiri
Oxfam-ın tədbiri

Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlar Konfederasiyası, o cümlədən yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

“Əhalinin 38 faizi kənd təsərrüfatında məşğulduir. Onların da əksəriyyəti qadınlardır. Qadınların ərzaq təhlükəsizliyində rolu böyük olsa da onların əməyi çox da nəzərə alınmır. Qadın fermerlərə kişi fermerlər qədər önəm verilmir”, Oksfam Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə bildirib.

Ş.Əlizadə eyni zamanda xarici donorlara səslənib.

“Xarici donorlar qrantlarının yalnız 10 faizini lider qadınlara verib. Qadınların cəmiyyətdə yeri, informasiyaya çıxışı, idarətemədə rolu artırılmalıdır”, o qeyd edib.

Bütün ekspertlər, hökumət qurumlarının, QHT-lərin təmsilçiləri qadınların rolunun artırılmasını vacib sayır. Amma, reallıqda bu belə deyil.

“Ölkə əhalisinin 50,2 faizi qadınlardır. Qadınların yarıya qədəri kəndlərdə yaşayır. Statistik rəqəmlərdə kənddə yaşayan qadınların 56,7 faizi, reallıqda isə 88 faizi məşğuldur. Onlar ərzaq təhlükəsizliyinə, qidalanmaya böyük töhfələr verir, ailənin qayğısını çəkir. Ancaq qadınlar buna görə əmək haqqı almır", "Qadın Ərzaq Qəhrəmanı" layihəsinin təqdimatçısı Günel Mehdiyeva qeyd edib.

Oxfam-ın tədbiri
Oxfam-ın tədbiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova qadınların iqtisadi cəhətdən güclü olmasının, qərarların qəbul edilməsində rolunun artırılmasının vacibliyini deyib.

“Son dövrlər 1200 qadın liderə 55 milyon manat kredit ayrılıb. Amma bu kişi liderlərlə müqayisədə 5-6 dəfə azdır. Həm də qadınların özünə inamı artırlmalıdır. Qadınların maneələri aşması üçün maarifləndirmə işləri aparılması vacibdir”, o qeyd edib.

A.Veysəlova həmçinin medianı qadınların ictimiyyətə tanıdılması işini yaxşılaşdırmağa çağırıb.

“Çox təəssüf ki, bu gün mediada yalnız qadın incəsən xadimləri təbliğ edilir, qadınlar seksual obyekt və zorakılıq qurbanları kimi təqdim edilir”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı bildirib.

Müzakirələr zamanı Azərbaycan kəndinin və kəndlərdə yaşayan qadınların çoxsaylı problemlərinə toxunulub.

XS
SM
MD
LG