Accessibility links

BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycana qarşı qərar qəbul edib


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı

BMT-nin İnsan Hüquqları Komitəsi (İHK)"Ağazadə və Cəfərov Azərbaycana qarşı" şikayəti üzrə qərarı dərc edib. Bu barədə Azərbaycan hüquq müdafiə mərkəzinin direktoru Eldar Zeynalov öz bloqunda yazıb.

"Ağazadə və Cəfərov Azərbaycana qarşı" işi elektron KİV-ə lisenziya verilməsi məsələsinə aiddir.

Yaşar Ağazadə 2012-ci ilin noyabrında şikayət verərkən "Mühakimə" qəzetinin baş redaktoru idi, Rəsul Cəfərov isə "Televiziya və alternativ kütləvi informasiya vasitələrinin inkişafı" QHT-nin həmtəsisçisi və sədri idi.

2010-cu ilin martında Cəfərov istifadə üçün boş olan radio tezlikləri haqqında məlumat verilməsi xahişi ilə Milli Teleradio Şurasına (MTRŞ) müraciət edib. O həmçinin qanunda nəzərdə tutulduğu kimi tezliklərin paylanması üzrə tenderlərin niyə keçirilməməsi ilə maraqlanıb. Buna cavab olaraq, MTRŞ yalnız boş tezliklərin olduğunu təsdiq edib, amma onların siyahısı dərc edilməyib.

Elə həmin ilin mayında Ağazadə və Cəfərov Bakıda və Abşeron yarımadasında teleradioyayım üçün lisenziya verilməsi xahişi ilə müraciət ediblər. Amma rədd cavabı alıblar.

MTRŞ-nin əməllərindən milli məhkəmələrə şikayət vermək cəhdləri uğursuz olub.

Bundan sonra Ağazadə və Cəfərov Vətəndaş Hüquqları və Siyasi Hüquqlar Paktının ifadə azadlığına zəmanət verən 19(3)-cü maddəsinin pozulması ilə bağlı fərdi şikayətlə BMT-nin İHK-yə müraciət ediblər.

Müəlliflər öz şikayətlərində Azərbaycan elektron KİV-lərində müstəqil yayımçıların demək olar ki, olmadığını qeyd ediblər. Tezliklərin paylanmasını, lisenziyaların verilməsini və reklam bazarını tənzimləyən Azərbaycan hökuməti elektron KİV-ə nəzarət edir, bunun nəticəsində bu sahədə plüralizm yoxdur.

Bu zaman ərizəçilər çox sayda boş tezlik olmasına baxmayaraq, MTRŞ-nin lisenziya verilməsini məhdudlaşdırdığına diqqət çəkiblər.

Komitə şikayət müəlliflərinin ifadə azadlığı hüququnun məhdudlaşdırılmasının əsassız olduğu qənaətinə gəlib.

Komitə qeyd edir ki, hökumət hüquqları pozulan şəxslərə tam kompensasiya verilməsini təmin etməlidir. Hökumət həmçinin gələcəkdə belə pozuntuların qarşısını almalıdır. Boş radio tezliklərinə lisenziyaların müntəzəm və açıq müsabiqələrə zəmanət verən açıq və şəffaf prosedurlar əsasında paylanması üçün Teleradioyayım qanunvericiliyinə yenidən baxmaq təklif olunur.

Bu zaman KİV-in plüralizminin təşviqi məqsədilə namizədlərin müsabiqələrdə iştirakı ayrı-seçkilik yaratmayan meyarlar əsasında olmalıdır.

Bu iş BMT-nin fikri ifadə azadlığının pozuntusu ilə bağlı Azərbaycana qarşı şikayət üzrə birinci qərardır, deyə Zeynalov qeyd edib.

Cəfərovun fikrincə isə, bu qərar, AİHM qərarlarından fərqli olaraq, mütləq icra olunmalı olmasa da, Komitə səviyyəsində Azərbaycanda insan hüquqları, xüsusən ifadə azadlığı ilə bağlı ciddi problemlər olduğunu təsdiq edir.

XS
SM
MD
LG