Accessibility links

Liviya və Suriyada etnik çərkəzlər fərqli qüvvələri dəstəkləyir


Liviya və Suriyada etnik çərkəzlər fərqli qüvvələri dəstəkləyir

Liviya və Suriyada etnik çərkəzlər fərqli qüvvələri dəstəkləyir

Corc Vaşinqton Universitetinin professoru Liviya və Suriyadakı çərkəzlərin bu ölkələrdə baş qaldıran iğtişaşlara reaksiyalarına toxunub. O bildirib ki, Liviyadakı çərkəzlər əsasən Benqazi və Misratada yaşayır. Sufian Jemuxov oradakı çərkəzlərin hələ 1969-cu ildə Müəmmər Qəzzafi hakimiyyətə gələndən bəri ona qarşı olduqlarını bildirib.

Ərəb dünyasında baş verən inqilablar Vaşinqtonun tanınmış institutlarında müzakirə mövzusu olaraq qalır. İnqilabların Qafqaz ölkələrinə, Orta Asiyaya, digər ərəb ölkələrinə təsirləri tez-tez gündəmə gətirilir. Ancaq Vaşinqtondakı Rumi Forumunda keçirilən bu dəfəki müzakirə bir qədər fərqli aspektə toxunurdu. Belə ki, forum “Ərəb baharının dünya çərkəzlərinə (çərkəz xalqı) təsiri” mövzusunda, mühazirəçi isə Corc Vaşinqton Universitetinin professoru Sufian Jemuxov idi.

Tədibirin aparıcısı Corc Vaşinqton Universitetinin Beynəlxalq Əlaqələr üzrə Elliott məktəbinin Avropa, Rusiya və Avrasiya İnstitutunun direktor yardımçısı Kori Velt cənab Jemuxov haqda qısa məlumat verərək onun millətlər üzrə mütəxəssis olduğunu bildirdi.

Daha sonra söz alan Sufian Jemuxov çərkəz xalqı haqqında ümumi məlumat verərək dedi ki, çərkəzlər Şimali Qafqaza 9-cu əsrdə köçüb. Ancaq əsrlər boyu onlar dövrün şərtləri qarşısında kütləvi şəkildə hazırkı ərəb ölkələrinə pənah aparmalı olub. 19-cu əsrdə isə Şimali Qafqazda olan çərkəzlərin 90 faizi o zamanki Osmanlı İmperiyası ərazilərinə deportasiya olunub.

Professorun sözlərinə görə, elə bu səbəbdən çərkəzlər ərəb ölkələrində geniş yayılıb: “2009-cu ildə Suriyaya səfər etmişdim. Dəməşqdə müəyyən etdim ki, ölkənin daxili işlər naziri çərkəz əsillidir və onunla görüşdüm”.

Əslən Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından olduğunu bildirən cənab Jemuxov çərkəzlərin də yaşadığı bu regionda indiyədək ərəb dünyasında baş verən üsyanlara oxşar iki hadisə olduğunu deyib. Onlardan biri 1989-cu ildə, digəri isə 1992-ci ildə baş verib.

Daha sonra Corc Vaşinqton Universitetinin professoru Liviya və Suriyadakı çərkəzlərin bu ölkələrdə baş qaldıran iğtişaşlara reaksiyalarına toxunub. O bildirib ki, Liviyadakı çərkəzlər əsasən Benqazi və Misratada yaşayır. Sufian Jemuxov oradakı çərkəzlərin hələ 1969-cu ildə Müəmmər Qəzzafi hakimiyyətə gələndən bəri ona qarşı olduqlarını bildirib. Professor İordaniyadan da misal gətirərək bildirib ki, bu ölkədə də çərkəzlərin böyük icması var və onlar elitanın bir hissəsini təşkil edirlər. “Liviya da isə onlara qarşı təzyiqlər olub. Hətta bu yaxınlarda Rusiyadakı çərkəzlər təşəbbüs irəli sürərək Liviyadakı çərkəzlərin Rusiyaya qayıtması barədə prezidentə məktub göndərmişdilər”-deyə o bildirdi.

Cənab Jemuxovun sözlərinə görə, Suriyadakı çərkəzlər əsasən böyük şəhərlərdə yaşayır və ölkədə baş verən üsyanları demək olar ki dəstəkləmir. Suriyadakı 150 minə yaxın çərkəzin böyük əksəriyyəti ölkənin elitasını təşkil etdiyi üçün onlar Bəşar Əl-Əsədi dəstəkləyir. Onun fikrincə Suriyadakı üsyanda yalnız ucqar ərazilərdə yaşayan çərkəzlər iştirak edib: “Hətta belə bir məlumat da verilirdi ki, üsyan edən əhali çərkəz icmalarına müraciət edərək bildirirdi ki, bizim üsyanı dəstəkləməsəniz hakimiyyətə gəldiyimiz təqdirdə sizi ölkədən qovacağıq”.

Dünyada ən çox çərkəzin Türkiyədə yaşadığını xatırladan professor bu rəqəmin 5 milyona yaxın olduğunu bildirdi. O, Türkiyə nin Suriyada iğtişaşlardan qaçmaq istəyən çərkəzlərə sərhədlərini açdığını ancaq Rusiyanın heç bir kömək edə bilmədiyini dilə gətirdi.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG