Accessibility links

Liviyada bəzilərinin göz yaşlarını gizlədə bilmədiyi sevinc içərisində olan izdihamlar diktator Müəmmər Qəzzafinin irsi ilə vidalaşaraq son 60 ildə ilk dəfə azad seçkilərdə səs verirlər.

Liviyalılar ölkənin baş naziri və kabinetini müəyyən edəcək 200 yerlik müvəqqəti parlament seçirlər. Gözlənti budur ki, müvəqqəti parlament yeni konstitutsiyaya əsasən tam parlament seçkiləri keçirmək üçün zəmin yaradacaq.

İslamçı paltforma ilə çıxış edən namizədlər 3700 iddialı arasında çoxluq təşkil edirlər. Belə görünür ki, Ərəb Baharını yaşamış Tunis və Misirdən sonra islamçıların güclü göstəricilər əldə edəcəyi növbəti seçki məkanı Liviya olacaq.

Bu arada inqilabın beşiyi sayılan Benqazidə mərkəzi hökumətdən muxtariyyat tələb edən bir qrup adam səsvermə məntəqəsinə hücum edərək yüzlərlə səsvermə bülletenini yandırıb. İnsident səsvermə başlamazdan bir neçə saat öncə baş verib.

Paytaxt Tripolidə səsvermə rəvan keçib. İlk qadın səs verdikdən sonra bir məntəqədə “Allahu Əkbər” sədaları ucalıb.

“Mən bu hissi təsvir edə bilmərəm. Biz bunun üçün bədəl ödədik. Mənim ailəmdə iki şəhid var. Əminəm ki, gələcək yaxşı olacaq. Liviya uğurlu olacaq,” deyə 50 yaşlı müəllimə Zerynəb Məsri bildirir. Bu, onun ilk səsvermə təcrübəsidir.
XS
SM
MD
LG