Accessibility links

Liviyada qarşıdurma güclənir


Liviyada qarşıdurma güclənir
Liviyada qarşıdurma güclənir

Müəmmər Qəddafiyə loyal qüvvələrlə hökuməti devirməyə çalışan müxalifət arasında yeni toqquşmalar baş verib. Son xəbərlərə görə döyüşlər paytaxt Tripolidən 200 kilometr şərqdə Misrata şəhərində cərəyan edir. Bu arada müxalifət qüvvələri ölkənin üçüncü ən böyük şəhərini ələ keçirdiklərini bildirirlər.

Toqquşmalar əsnasında itkilərin olduğu məlum deyil. Müxalifət qüvvələri ələ keçirdikləri şərq bölgəsində nəzarətlərini gücləndirərək tezliklə paytaxt Tripolini diktatordan azad edəcəklərini deyirlər.

Tripolinin özündə nümayişlərə çağırışlar növbəti qanlı toqquşmaların baş verəcəyinə dair spekulyasiyalara yol açıb. Qəddafinin oğlu Seyf əl-İslam Liviyada ölənlərin sayının xarici media tərəfindən şişirdildiyini bildirib. O, xarici müxbirlərin tezliklə Liviyaya buraxılacağını deyib. Seyf əl-İslam sabah yüzlərlə jurnalisti özü ilə ölkəni gəzdirəcəyini və onlardan ona ölüləri göstərməyi tələb edəcəyini deyib.

Deyilənlərə görə Qəddafiyə loyal qüvvələr və afrikalı muzdlular paytaxt küçələrini dolaşaraq müdafiə perimetri qurmağa çalışırlar. Təhlükəsizlik agentlərinin rejimə qeyri-loyal adamları axtardıqları xəbər verilir. Liviyanın kəşfiyyat rəhbəri iğtişaş törədənlər haqda dövlətə məlumat verənlərin mükafatlandırılacağını vəd edib.

Bu arada Liviyanın 1600 kilometrlik şərq sahili boyu müxalifət yeni hökumət orqanları təsis etməkdə və yollarda yoxlama postları qurmaqdadır.

XS
SM
MD
LG