Accessibility links

London terror hücumunun üçüncü iştirakçısının adı açıqlanıb


Britaniyada Londonda şənbə günü terror hücumunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Britaniyapolisi isə terror hücumunun hadisə yerində güllələnərək öldürülüən üçüncü iştirakçısının adını açıqlayıb. Polis hadisə ilə əlaqədar daha bir nəfəri nəzarət altına alıb.

London polisinin bildirdiyinə görə, təhqiqat hücumun üçüncü iştirakçısının 22 yaşlı Yusif Zaqba olduğunu ehtimal edir. Onun Mərakeş əsilli İtaliya vətəndaşı olduğu bildirilir. Yusif Zaqba Londonun şərq hissəsində yaşayıb və əvvəllər polis və kəşfiyyat orqanlarının diqqətini cəlb etməyib.

Bazar ertəsi London hücumunu törədən iki şəxsin adı açıqlanmışdı. 27 yaşlı Xuram Şazad Batt əvvəllər də hökumət orqanlarına məlum olsa da, ciddi təhlükə təşkil edən şəxs kimi diqqət mərkəzində olmayıb. İkinci hücumçunun 30 yaşlı Rəşid Reduan olduğu bildirilir. Onların hər ikisi Londonun şərq hissəsində yaşayırdı.

London Körpüsündə şənbə günü törədilmiş hücum yeddi adamın ölümü, 50-dən artıq insanın yaralanması ilə nəticələnib.

London polisi bazar ertəsi bir sıra reydlər keçirib və şəhərin bir neçə yerində axtarışlar zamanı bir neçə adamı saxlayıb.

İslam Dövləti qrupu Amaq xəbər agentliyinin veb səhifəsi vasitəsilə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Şənbə günü Londonda törədilmiş hücum Britaniyada mart ayından bəri üçüncü terror hücumudur. Bundan öncə Vestminister Körpüsündə və iki həftə öncə Mançesterdə hücumlar onlarla adamın ölümünə və yaralanmasına səbəb olmuşdu.

XS
SM
MD
LG