Accessibility links

Azərbaycan komandası London olimpiadasına yola düşüb


Prezident Əliyev olimpiadaçılarla

Prezident Əliyev olimpiadaçılarla

Azərbaycan komandasının tərkibinə idmanın 16 növü üzrə 53 idmançı daxildir. Olimpiya çempionuna 600 min manat mükafat veriləcək.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi olub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın tarixində ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edir. “Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Bu, doğrudan da bizim idman potensialımızı bir daha göstərir. İdmançılarımızın böyük şansları, böyük imkanları var. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılarımıza yalnız uğurlar arzulayır və onların qələbələrini gözləyirik”.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, əgər Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaq.
“Ümumiyyətlə London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz (iki güləş, gimnastika, boks və ağırlıqqaldırma) yollanacaq. Bundan başqa, idmançılarımızla yanaşı, altı həkim, 29 məşqçi Londona gedəcək. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaqr. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb”.
Eyni zamanda prezident İlham Əliyev Londonda keçiriləcək Yay Olimpiya oyunlarında yüksək nəticə göstərəcək idmançı və məşqçilər üçün pul mükafatları müəyyən edib.
Qızıl medala görə hər bir idmançı 400 min manat, məşqçi isə 200 min manat mükafat alacaq.
İkinci yerə görə, idmançılara 200 min manat, məşqçilərə 100 min manat veriləcək.
Üçüncü yerə görə isə idmançılara 100 min manat, məşqçilərə isə 50 min manat mükafat ayrılacaq.
Paraolimpiyaçılara isə, birinci yerə görə idmançılara 200 min manat, məşqçilərə 100 min manat veriləcək.
İkinci yerə görə idmançılara 100 min manat, məşqçilərə 50 min manat veriləcək.
Üçüncü yeri qazanan idmançılara 50 min manat, məşqçilərə isə 25 min manat veriləcək.
Bundan başqa, Əliyev Milli Olimpiya komitəsinin başçısı kimi də mükafatlar müəyyən edib.
1,2 və 3-cü yerlərə görə idmançılara 200 min, 100 min və 50 min manat ayrılacaq, məşqçilərə isə müvafiq olaraq 100 min, 50 min və 25 min manat veriləcək.
Beləliklə, Olimpiya çempionu 600 min manat qazanacaq.
Olimpiya oyunları 27 iyul - 12 avqust tarixlərində Londonda keçiriləcək.
XS
SM
MD
LG