Accessibility links

ABŞ prezidenti bəyanatında senator olduğu zaman Luqarla Azərbaycana səfərini qeyd edib

ABŞ Senatında uzun müddət xidmət edən nüfuzlu respublikaçı senator Riçard Luqar təmsil etdiyi İndiana ştatında gərgin mübarizədə məğlub olub. 80 yaşlı qanunverici 1976-cı ildən altı müddətə Senata üzv seçilmişdir.

ABŞ prezidenti Barak Obama İndiana ştatında seçkilərin nəticələri məlum olandan sonra Riçard Luqarın ABŞ Senatında müstəsna xidmətlərinin qeyd edildiyi bəyanatla çıxış edib. ABŞ prezidenti veteran senatorun hər iki partiya ilə əməkdaşlıq edərək, onun dünyanın təhlükəli silahlardan qorunması istiqamətində səylərinə yüksək qiymət verib.

“Administrasiyamın dünyanın nüvə silahlarından təhlükəsizliyinin təmin olunması istiqamətində səyləri senator Luqarın başladığı iş üzərində qurulub, habelə onunla senator olduğum vaxt Rusiya, Ukrayna və Azərbaycana səfərlər zamanı hər iki partiyanı təmsil edərək, birgə apardığımız işə əsaslanır”-deyə prezident Obamanın bəyanatında deyilir.

Riçard Luqar və prezident Obama nüvə obyektləri ilə tanışlıq məqsədilə 2005-ci ildə Rusiyaya, daha sonra isə Ukrayna və Azərbaycana səfər etmişdilər.

Senator Luqar Xarici Əlaqələr Komitəsinin həmsədri olduğu müddətdə Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiyasına dəfələrlə dəstəyini bildirmişdir. O, ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, birgə dəyərlərə hörmət edilməsi və Azərbaycanda demokratiya və mətbuat azadlığının dəstəklənməsinin vacibliyini göstərmişdir.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, hazırda isə fəxri üzvü olan senator Luqarın Birləşmiş Ştatların xüsusilə də post-sovet dövrü xarici siyasət kursunun müəyyənləşməsində müstəsna rolu olub.

Nüvə silahlarından müdafiə sistemi sahəsində partiya mənsubiyyətindən asılı olmayaraq Senatda geniş fəaliyyət göstərən Riçard Luqar 1991-ci ildə senator Sem Nanla birlikdə Nan-Luqar düzəlişinin müəllifi olmuşdur. Bu düzəlişə əsasən, Sovet İttifaqının kütləvi qırğın silahlarının ləğvi istiqamətində ABŞ-dan yardım almasına imkan verilmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG