Accessibility links

Elmar Məmmədyarov: Münaqişələrin həllinə yekdil mövqe nümayiş etdirilməlidir


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır.Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin aprelin 20-də Luksemburqda keçirilən 6-cı görüşündə bildirib.

Nazir deyib ki, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib.

“Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edir və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb”.

Onun fikrincə, Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir.

“Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”.

Məmmədyarov bildirib ki, Azərbaycanın böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.

Nazir deyib ki, təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb.

“Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Cənub Qaz Dəhlizinin Bakıda vədaha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır”, Məmmədyarov qeyd edib.

XS
SM
MD
LG