Accessibility links

Məcid Araz: Bizim üçün Azərbaycanda yaşayan etnik qruplar arasında fərq yoxdur [Audio-Müsahibə]


Məcid Araz
Məcid Araz

Azərbaycan Milli Dirəniş Təşkilatının üzvü Məcid Araz mənsub olduğu təşkilatın gözündə İran Azərbaycanında yaşayan bütün etnik və dini qruplar, o cümlədən türklər və kürdlər arasında heç bir fərq olmadığını deyir. Güneyli fəal Amerikanın Səsinə müsahibədə İranda məclis seçkilərindən sonra parlamentin yeni tərkibi və İran Azərbaycanında seçkilərin nəticələrini dəyərləndirməklə yanaşı seçki kampaniyaları zamanı toplumda və sosial şəbəkələrdə etnik nifrət ifadələrinin yayılmasına özü və təşkilatının münasibətini bildirib.

Milli Dirəniş Təşkilatının üzvü Məcid Araz Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:23:37 0:00

İranda 10-cu çağırış parlament seçkilərinin nəticələri haqqında danışan Məcid Araz öncə İran İslam Respublikasında seçkilərin mahiyyətinə diqqət çəkir. O, bu seçkilərin dünyadakı standart seçkilərdən fərqləndiyini vurğulayır:

“İrandakı seçkilər daha çox bizim nizam dediyimiz hakimiyyətin iç gücləri arasında bir çəkişmədir. Yəni, seçkilərə nizamın xaricindən heç kəs gəlib namizəd ola bilmir. Bütün bu namizədlər, çıxanlar və çıxmayanlar, hamısı rejimin öz içindən gəlmiş insanlardırlar ki bir çoxunun keçmişi SepahEttelaata bağlıdır.”

Onun fikrincə, İranda Parlament və Xübrələr (Ekspertlər) Məclisi seçkilərində əhali reform və yenilik istədiyi mesajını verib:

Bəyanatlarımızda bunu qətiyyətlə ortaya qoyuruq ki əsla və əsla türk fəalları və Azərbaycan Milli Hərəkatının bu mövqeyi sakın kürd vətəndaşlarımız və kürd qardaşlarımıza qarşı bir hərəkət görünməyə.
Məcid Araz

“Bu seçimlər nisbi olaraq reformistlər, yəni prezident Ruhaninin yanında olanların qalibiyyəti ilə sonlandı. Bunu da əslində İrandakı xalqların açıq mesajı kimi anlamaq olar ki hər zaman reformdan və yenilikdən yana olub və diktatorluqdan fasilə tutmağa çalışır.”

Məcid Araz İran seçkilərində ümumiyyətlə islahatçılar və mühafizəkarların yarışdığını, ancaq “Güney Azərbaycan və İranın digər türk bölgələrində” rəqabətin fərqli istiqamətdə cərəyan etdiyini söyləyir:

“Artıq İranda və Güney Azərbaycanda türk insanı Tehrandakı siyasi tarazlıqlar yox, bəlkə öz milli istəkləri, milli çıxarlarını düşünərək hərəkət edir... Xalq buna sağ və sol cinahları olaraq baxmır. Kim Azərbaycanın mənfəətlərindən, özəlliklə də İranda türk dilinin tədrisindən və Urmu Gölündən danışır, ona səs verir. Fəqət, bu istər istəməz səs istəyənlərin, yəni o namizədlərin yanında da öz əksini tapır... Onlar da hər nə qədər rejimin içindən gəlmiş olsalar da, məcbur olurlar xalqın istəkləri yönündə danışsınlar. Xalq da bunu dəyərləndirir.”

Urmiyədə Seçki debatı
Urmiyədə Seçki debatı

Ankarada yaşayan fəal Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Həmədan kimi şəhərlərdə bir çox namizədin bu növ mesajlar verməyə məcbur olduğunu deyir.

İran Azərbaycanında türk fəalların seçkilərdə fəallığı ən çox Urmiyə şəhərində müşahidə olunub. Urmiyədə keçirilən parlament seçkilərinin birinci mərhələsində bir türk namizəd məclisə daxil olmaq üçün lazımi səsi qazandı. İkisi türk və ikisi kürd olmaqla dörd namizəd isə ikinci mərhələdə yarışdılar. İkinci mərhələdə də türk namizədlər yüksək səs alaraq deputat seçildilər.

Qərbi Azərbaycan vilayətinin mərkəzində cərəyan edən seçki rəqabətləri sosial şəbəkələrdə etnik nifrət ifadələrinin yayılmasına yol açdı.

Məcid Araz nifrət ifadələri və irqçiliyə qarşı kəskin mövqe bildirməyin zəruri olduğunu qeyd edir. O, mənsub olduğu Azərbaycan Milli Dirəniş Təşkilatının da bu növ ifadələri qınadığını önə çəkir:

Bu seçimlər nisbi olaraq reformistlər, yəni prezident Ruhaninin yanında olanların qalibiyyəti ilə sonlandı. Bunu da əslində İrandakı xalqların açıq mesajı kimi anlamaq olar ki hər zaman reformdan və yenilikdən yana olub və diktatorluqdan fasilə tutmağa çalışır.
Məcid Araz

“İrqçi və hər hansı nifrət içərən bir söyləmi və dialoqu kəsin bir dillə qınamalıyıq. Bundan öncə qınamışıq, bundan sonra da qınayacayıq...

Qənaətimcə, milli hərəkatın ümumiyyətlə görüşü budur, amma mən elə Milli Dirəniş Təşkilatı xüsusunda deyim. Bizim gözümüzdə Azərbaycan ərazisində yaşayan hərkəs Azərbaycanın eşit vətəndaşıdır və bunların arasında heç bir fərq yoxdur. İstər türk, istər kürd, istər hər hansı etnik, ya dini azlıq olsun. Sadəcə türklərin tək imtiyazı budur ki, əksəriyyət olduqları üçün daha çox haqqa sahib olurlar, yoxsa vətəndaşlıq haqlarında hər hansı bir fərq olmamalıdır.

Amma, biz gəlib görürük ki, istər İranın içi və istər xaricində bəzi güc mərkəzləri və terror təşkilatları Güney Azərbaycanda bəzi azlıqları sui-istifadə edirlər... Dirəniş təşkilatı buna qarşıdır.

Bəyanatlarımızda bunu qətiyyətlə ortaya qoyuruq ki əsla və əsla türk fəalları və Azərbaycan Milli Hərəkatının bu mövqeyi sakın kürd vətəndaşlarımız və kürd qardaşlarımıza qarşı bir hərəkət görünməyə. Bu kürd toplumu və kürd insanına qarşı deyil, terror fəaliyyətləri və torpaq separatçılığına qarşı bir mövqedir.

Təbriz - İslahatçıların seçki mitinqi
Təbriz - İslahatçıların seçki mitinqi

Mən buradan bütün türk və kürd fəallarını dəvət edirəm ki, nifrət söyləmindən uzaq dursunlar. Bunun bizə və bölgənin insanına heç bir mənfəəti olmayacaq. Amma, indi bu an silahlı terror fəaliyyətləri var. Bunlar da bir gerçəkdir və bunları görmək lazımdır. Bu problemləri uyğun bir dillə gündəmə gətirmək lazımdır. Bunlar kürdlərə də zərər verirlər.”

Urmiyəli fəal Azərbaycan şəhərləri, o cümlədən Urmiyədə bəzi millət vəkilləri və yerli məsulların anti-demokratik çıxışları, habelə qadınlar və dini azlıqlara qarşı münasibətləri haqda da danışıb.

“Mövcud şərtlərdə əhali məcbur olur bunlara səs verir. Sonra misal üçün Qazipurun qadına qarşı sözləri ortaya çıxır. Qadına qarşı bir söyləmi dəstəkləmək heç bir düşüncə və məntiqin uya biləcəyi bir şey deyil. Bunu kəsin bir dillə qınamaq lazimdir... Amma, bir məsələ də var ki, gəlib bunları Azərbaycan Hərəkatına, türklərə qarşı bir sənəd kimi istifadə edirlər. Onlar onu etdikləri zaman istər istəməz bu tərəfdən də bir təpki yaranır və işlər bir-birinə qarşır,” deyə Məcid Araz əlavə edir.

XS
SM
MD
LG